Ötən il Azərbaycandan xarici ölkələrə dəyəri 12 milyon 400 min dollar olan 9 300 ton nar ixrac olunub.
Bunu FED.az-a Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov bildirib.
Onun sözlərinə görə, artıq nar yığımına start verilib və bu il hazırda 10-12% artım müşahidə olunmaqdadır. Ümumi bu il toplanacaq və ixrac olunacaq narın həcmini isə yanvarda açıqlanacaq statistikadan biləcəyik deyə o bildirib.
Hazırda Azərbaycan narının əsasən Rusiya, Ukrayna, Gürcüstan və Şərqi Avropa ölkələrinə ixrac olunduğu bildirildi.
Bu il Birləşmiş Ərəb Əmirliyindən Azərbaycan narına 200 tona yaxın nar sifariş olunub. Ərəb ölkələrindən həmçinin Qətər və Səədüyyə Ərəbistanından da sifarişlərin gəldiyi bildirilir.
“Sertifikat tələb olunana ölkələrlə bizim ixracımız çətin olduğu üçün fermelərə müəyyən maarifləndirmə təlimlərinin keçirilməsi, maliyyə resurslarına çıxışların asanlaşdırılmasından sonra ixrac coğrafiyamız daha da artacaqdır”-deyə Fərhad Qaraşov bildirib.
Hal-hazırda assosiasiyanın 233 üzvü var. Bunların 14-ü böyük emalçı şirkətləri, digərləri isə kiçik və orta fermerlərdir deyə assosiasiya sədri qeyd edib.