Ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafında innovativ dəstək mexanizmi olan “ABAD” yeni ABADçı və onun hazırladığı qida məhsulunu təqdim etdi.
FED.az xəbər verir ki, bu dəfə ABADçılar sırasına Azərbaycan Respublikasının xalq artisti Tünzalə Ağayeva qoşuldu. Sənətkar xanım “ABAD”ın dəstəyi ilə təbii məhsullardan istifadə edərək “Sevmeli by Tunzale” brendi altında yüksək keyfiyyətli şokoladlar istehsal edir.
Eləcə də bax: Məhsulu Zaqatalada yetişdirib - AMERİKADA SATACAQ - GÜL BİZNESİ
ABADçı Tünzalə xanım www.abad.gov.az saytı vasitəsi ilə “ABADçı ol” bölməsində qeydiyyatdan keçib. Seçim mərhələlərini uğurla keçən xalq artisti ABADçı adını qazanaraq öz məhsulunu ABADın dəstəyi ilə istehsal edir.
“ABAD” məhsulu olan “Sevmeli by Tunzale” şokoladlarının hazırlanması zamanı qida istehsalı üzrə bütün standart və normalara riayət olunur. Məhsulun istehsalında seçilmiş meyvə quruları və ən keyfiyyətli şokoladdan istifadə olunur. “Sevmeli by Tunzale” məhsulunu “Fairmont Baku, Flame Towers” və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən “ABAD” etno-butiklərindən əldə edə bilərsiniz.
Qeyd edək ki, “ABAD” (Ailə Biznesinə ASAN Dəstək) publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikasının Prezidentinin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə yaradılıb. “ABAD” publik hüquqi şəxsin yaradılmasında məqsəd - Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir.