Azərbaycan əsilli iş adamı Palmali Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov ABŞ prezidenti D. Trampla görüşüb. Belə ki, iş adamı D. Trampın dəvəti ilə 20 yanvar 2017-ci il tarixində keçirilən and içmə mərasimində iştirak edib.
FED.az xəbər verir ki, şirkət sahibinin ABŞ prezidenti ilə görüşü haqda məlumatlar ölkə mətbuatında yayılsa da, bu zaman bu xəbəri yayan bəzi mətbuat orqanları "MubarizMansimovQurbanoglu" adlı saxta profildə yayımlanmış və "Photoshop" proqramı vasitəsilə düzəldilmiş qondarma şəkillərdən istifadə etmişdi. Daha sonra şəkillərin qondarma olduğu bildirilərək, şirkət başçısı kəskin tənqidə məruz qalmışdı.
"PHOTOSHOP"LA DÜZƏLDİLƏN FOTOLAR
Məsələ ilə bağlı Türkiyənin "Deniz Haber Ajansı"na özəl açıqlama verən Palmali Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov buna təəssüfləndiyini bildirərək, "Mənim şəxsi facebook hesabım yoxdur"- deyə bildirib.
"Yalnız şirkətimizin adına açılmış bir hesab var. Mənim adıma onlarla saxta hesablar mövcuddur. ABŞ prezidenti ilə olan "Photoshop"lu şəkillərdə məhz belə saxta hesablarından birindən yayımlanıb. Azərbaycanda olan bəzi mətbuat orqanları bu xəbəri saxta hesablardan götürərək yayımlayıb və bundan sonra şəkillərin qondarma olduğunu qeyd edərək, şəxsiyyətimi təhqir ediblər. Amerika Prezidenti Donald Trampla bir tanışlığımız var. Prezident seçildikdən sonra 20 yanvar 2017-ci il tarixində andiçmə mərasiminə dəvətliydim. Daha sonra ABŞ Konqres Mərkəzində verilən qəbula qatıldım. Burada Trampla görüşmək imkanım oldu. Türkiyə və Azərbaycan haqqında qısa söhbətimiz oldu. Hətta ona, ABŞ-da ofis açacağımı da bildirdim" - deyə iş adamı deyib.
Facebook sosial şəbəkəsində olan hesablarla əlaqəsi olmadığını və Facebookda olan hesabların fan və ya saxta hesablar olduğunu dilə gətirən Mübariz Mənsimov ona yönəldilmiş təhqir dolu ifadələrə görə Azərbaycanda bəzi mətbuat orqanlarını məhkəməyə verəcəyini də əlavə edib.
ABŞ KONQRES MƏRKƏZİNDƏKİ REAL FOTOLAR
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır