FED.az mediator Ruslan Mirzəyevin mediatorluqla bağlı fikirlərini təqdim edir.
Eləcə də bax: Azərbaycanda biznes mübahisələrin – DANIŞIQLA HƏLLİ – QAYDASI AÇIQLANDI
Mediator tərəflər arasındakı mübahisəni qarşılıqlı razılıq əsasında barışıqla həll etməyə çalışan neytral bitərəf şəxsdir. Vəkil də bəzən öz müştərisinin qarşı tərəflə barışmasına cəhd göstərir. Lakin, vəkil bitərəf olmadığı üçün və onun öz müştərisi qarşısında öhdəlikləri olduğu üçün onun bu fəaliyyəti mediasiya yox, danışıqlar adlanır.
Bəs mediator necə olmaq olar?
Hər ölkədə bu tələb fərqlidir və universal bir qayda yoxdur. Bəzi ölkələrdə, məsələn, ABŞ, İngiltərə və bir çox inkişaf etmiş digər ölkələrdə formal təlim və digər tələblər yoxdur. İstənilən şəxs özünə mediator deyib, mediasiya fəaliyyəti ilə məşğul ola bilər. Digər tərəfdən İtalya, Türkiyə, Azərbaycan kimi ölkələrdə qanunvericiliklə müəyyənləşmiş təlim qurumunun təlimində iştirak edilməli, sertifikat alınmalı və reyestrə daxil olunmalıdır. Digər ölkələrdə bu qurumlar barədə məlumat internetdə mövcuddur. Azərbaycanda isə hələ nə rəsmi mediasiya təlimi qurumu, nə də reyestr mövcud deyil.
Bəs təlimdən keçdiniz, bu kifayətdirmi?
Təlim vacibdir. Çünki, təlim olmadan siz sadəcə nə edəcəyinizi bilməyəcəksiniz. Mediator öz xüsusi prinsipləri və yanaşması olan bir prosedurdur. Lakin, təlim işin 1 faizidir. Çünki, mediasiya daha çox bacarıqlara və təcrübəyə əsaslanır, nəinki, biliyə. Mən hər dəfə mediasiya apardıqdan sonra öz səhvlərimi təhlil edirəm və düşünürəm ki, nəyisə daha yaxşı edə bilərdim. Hər bir real mediasiya ilə insan çox böyük təcrübə əldə edir.
Hər kəs mediator ola bilərmi?
Mediatorluq çətin peşədir. Məncə, vəkillik və hakimlikdən daha çətindir. Hakimlər və vəkillər öz biliklərini tətbiq edirlər və öz biliklərini uyğun bir nəticəyə gəlirlər. Mediatorun uğuru isə iki (və ya daha çox) tam fərqli və mübahisədə olan tərəflərin razılığından asılıdır. Saatlarla bu şəxslərlə işləmək bacarıq, enerji, səbr və iradə tələb edir.
Qismət elə gətirib ki, dünyanın aparıcı mediatorları tanış olmaq, onlarla işləmək imkanım olub. Onlar barədə ümumiləşdirilmiş bir şeyi deyə bilərəm: onların hər biri müsbət, insanlarda xoş təəssürat bağışlamağı bacaran, mübahisədən uzaq, digər şəxslər barədə mənfi fikirdə olmayan, hər bir şəxsi anlamağa çalışan, heç bir şəxsi qınamayan və təcrübəli insanlardırlar. Bəzi insanlar daha çox haqq axtarırlar. Bu yanaşma ilə mediasiya aparmaq mümkün olmur. Buna görə də bəzi vəkillər və hüquqşünaslar sadəcə özlərini mediator kimi görə bilmirlər. Mediator sadəcə tərəfləri anlamağı və maraqlarla işləməyi bacarmalıdır. Bu, çətin bacarıqdır.
Mediatorun dolanışığı
Dünyanın hər yerində əksər hallarda hüquqşünaslar və vəkillər mediatorlardan daha yaxşı gəlir əldə edirlər. Buna görə də mediatorlar sırf bu sahəyə yüksək həvəsi olan şəxslər olur. Əgər mediasiyaya şəxs yalnız dolanışıq mənbəyi kimi baxırsa, uğur qazanmaq ehtimalı azdır. Bir çox mediatorlar vəkillik etsələr və ya digər peşə ilə məşğul olsalar belə, yaxşı mediatorların əsas məqsədləri tam-ştat mediator olmaqdır və digər fəaliyyətlə yalnız özlərini dolandırmaq üçün məşğul olurlar.
Sonda, əgər həqiqətən pu peşəyə sevginiz varsa, məşğul ola bilərsiniz. Yoxdursa, daha rahat peşələr çoxdur.