İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə ölkəmizin Moskvada keçirilən “WorldFood Moscow” sərgisində iştirakı xeyli genişlənib.
FED.az xəbər verir ki, bu sözləri AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev deyib.
Eləcə də bax: Komitə sədri Azərbaycan şirkətlərini – XARİCDƏ NÜMAYƏNDƏLİK AÇMAĞA ÇAĞIRIB
“WorldFood Moscow” 28-ci Beynəlxalq Ərzaq Məhsulları Sərgisində ölkəmizin “Made in Azerbaijan” vahid milli stendi ilə iştirak etdiyini vurğulayan Y.Abdullayev qeyd edib ki, ənənəvi olaraq Azərbaycan həm də sərginin tərəfdaş ölkəsi qismində çıxış edir.
“Bu, ölkəmizdə iqtisadiyyatın inkişafı, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda iqtisadi sahədə aparılan islahatlar barədə ziyarətçilərə daha geniş məlumat vermək imkanı yaradır. Cari ildə 40-dan çox Azərbaycan şirkəti sərgidə təmsil olunur. Stendimizin ümumi sahəsi 400 kvadratmetrdən çoxdur. Bu, ötən illərlə müqayisədə xeyli artıqdır. Eyni zamanda, sərgidə təqdim olunan məhsulların çeşidi, ümumilikdə stendimizin həcmi də xeyli artıb”, - deyə Y.Abdullayev bildirib.
O vurğulayıb ki, Rusiya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır və bu cür sərgilər ticarət-iqtisadi sahədə əlaqələrin genişlənməsinə əlavə təkan verir.
Bu il “Krokus Ekspo” Kompleksində təşkil olunan sərgidə 65 ölkədən və Rusiyanın 40 regionundan 1500-dən çox şirkət ərzaq məhsulları və içkilər təqdim edir. İlk dəfə olaraq sərgidə Səudiyyə Ərəbistanı, Meksika və Çili də təmsil olunur. Hər il “WorldFood Moscow” sərgisini 30 mindən çox adam ziyarət edir.
Azərtac