“Neft hasilatının və neft gəlirlərinin azalmağa başladığı mərhələdə Neft Fondu ilə yanaşı, əlavə iqtisadi artım mənbələri də tapmalıyıq”.
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin bu gün keçirilən plenar iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib.
“Bundan başqa, monopoliya və ondan qaynaqlanan haqsız rəqabət yerli istehsalın inkişafına əngəl yaradır. Monopolistlər öz imkanlarından istifadə edib rəqiblərini sıradan çıxarırlar. Monopolistlər hansı yerdə gəlir görürlərsə, ora əl qoyurlar və çox insan buna görə evinə çörək apara bilmir.
Buna görə də ölkəmizdə istehsalı mümkün olan məhsulların çoxu xaricdən gəlir. Həmçinin korrupsiyaya qarşı mübarizə gücləndirilməlidir, sahibkarlarla müxtəlif qurumların məhkəmə işlərində həmişə haqlının tərəfində olan ədalətli məhkəmə sisteminin formalaşdırılması vacibdir”, - deyə Ə.Məsimli bildirib.