Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakıda 3 DOST Mərkəzinin layihələndirilməsi işlərinə "Modus.K" MMC-ni cəlb edib.
FED.az xəbər verir ki, nazirlik “Modus.K” MMC ilə sözügedən işlərin yerinə yetirilməsi haqqında ümumi dəyəri 495,6 min manat dəyərində 3 müqavilə bağlayıb.
Eləcə də bax: Əlilliyi və xüsusi qayğıya ehtiyacı olan insanların - İNKİŞAFINA SƏRMAYƏ
Birinci tender çərçivəsində Binəqədi rayonunda DOST Mərkəzinin “DOST” Agentliyinin konseptinə uyğun olaraq layihələndirilməsi işləri həyata keçiriləcək. Müqavilənin dəyəri 224,2 min manatdır.
İkinci müqavilə çərçivəsində “Modus.K” Xəzər rayonunda DOST Mərkəzinin layihələndirilməsini öhdəsinə götürür. Müqavilənin dəyəri 118 min manatdır.
“Modus.K”, həmçinin Nizami rayonunda yaradılacaq DOST Mərkəzini də layihələndirəcək. Müqavilənin dəyəri 153,4 min manatdır.
Hazırda Bakının Yasamal rayonunda bir DOST Mərkəzi fəaliyyət göstərir.
2019-2025-ci illərdə ölkədə 31 DOST mərkəzi yaradılacaq. Onlardan 5-i Bakı, 2-si Sumqayıt, 2-si Gəncə şəhərlərində, qalanları respublikanın digər regionlarında açılacaq.
DOST mərkəzlərində vətəndaşlara 126 adda sosial xidmət göstəriləcək, bunların 91-i elektron formada olacaq. Hazırda DOST mərkəzində 20-dən artıq elektron xidmət göstərilir.