Vergilər Nazirliyi məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) nizamnamələrinin yeni nümunəvi formalarını hazırlayıb və rəsmi internet səhifəsinin (www.taxes.gov.az) "Bir pəncərə" bölməsində yerləşdirib.
ELƏCƏ DƏ BAX : Azərbaycanda daha 2 lizinq şirkətinin rəhbəri dəyişib
Nizamnamənin nümunəvi formalarının yenilənməsi qanunvericiliyə edilən dəyişikliklərlə əlaqədardır: 28 dekabr 2018-ci il tarixli 1449-VQD nömrəli Qanunla Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.1-4-cü maddəsinə dəyişiklik edilib və Məcəlləyə yeni - 87.10-cu, 91.1-5-ci və 91.1-6-cı maddələr əlavə olunub.
Mülki Məcəllənin 87.10-cu maddəsinə əsasən, MMC-nin xalis aktivlərinin dəyərinin əlli faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar MMC iştirakçılarının ümumi yığıncağında qəbul edilir. Məcəllənin 91.1-4-cü maddəsinin yeni redaksiyasına əsasən, MMC iştirakçılarının ümumi yığıncağında cəmiyyətin paylarının əlli faizindən artıq hissəsinə malik olan iştirakçıları iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. Məcəllənin 91.1-5-ci maddəsində isə göstərilir ki, iştirakçıların ümumi yığıncağında yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən çağırılmalıdır. Yenidən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının əlli faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir. 91.1-6-cı maddəyə əsasən, yenidən çağırılan yığıncaqda yetərsay olmadıqda, ümumi yığıncaq icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən təkrarən çağırılmalıdır. Təkrarən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının 25 faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir
Bütün bunlar nəzərə alınaraq, nümunəvi nizamnamə formalarında da dəyişiklik edilib. Qeyd edək ki, dəyişikliyə qədər bu məsələlər hər bir MMC-nin öz nizamnaməsinə uyğun müəyyən olunurdu.
Yeni nizamnamə formaları Vergilər Nazirliyinin Kollegiyasının 2019-cu il 15 mart tarixli 1917050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş "Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı" elektron xidməti üzrə inzibati reqlamentə əlavə olunub və yerli investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı zamanı istifadəçilərə təklif olunur.
Nizamnamə formaları kommersiya hüquqi şəxs təsis etmək istəyən şəxslərə kömək məqsədilə hazırlanıb və qeydiyyat zamanı Azərbaycan qanunvericiliyinə uyğun hazırlanmış digər nizamnamələr də təqdim oluna bilər.