Diqqət: Bu material FED.az-ın sifarişi ilə hazırlanıb, onun digər resurslarda dərc edilməsi qadağandır.
2011-ci ildə Misirdə ilk işini qurub. Hazırda bu ölkədə “Elite”, “Horaizon”, “Bazarstone”, “Mesad Group” şirkətlərinə sahibdir. Deyir ki, Misir iş qurmaq istəyənlər üçün açıq ölkədir. 10 şirkət də qurmaq olar. Misirdə iş qurmaq istəyənlərə də dəstək göstərməyə hər zaman hazır olduğunu bildirdi. Söhbət Misirdə yaşayan azərbaycanlı iş adamı Ceyhun Xəlilovdan gedir.
FED.az-a müsahibəsinin ikinci hissəsində C.Xəlilov Misirdə biznes və iş adamları üçün Misirdə olan imkanlarla bağlı sualları cavablandırıb.
Misirdə 4 şirkət quran azərbaycanlı: «Vaxtilə bir konteynerdən 900-1000 dollar qazanırdıq, indi həmin məbləğ 50 dollara enib» - MÜSAHİBƏ
- Misirdə iş qurmağa maraq göstərən azərbaycanlılar ola bilər. Siz 2011-ci ildə başlamısınız. 10 il keçib. Misirdə biznes qurulması ilə bağlı 10 ildə nə dəyişib?
- Misir qanunlarında yerli və əcnəbi fərq etmir, şirkət açırsa, eyni hüquqlara malikdir. Ancaq o vaxtla indini müqayisə etsək, fərqlər var. Məsələn, o vaxt sənədləşmə işləri ilə bağlı çox çətinliklə üzləşirdik. Misirdə rəsmi işləri görmək çox çətin idi. Bəsit sənəd işləri üçün günlərlə gedib-gəlirdik. 2013-cü ildən bəri çox sadələşmə olub. Biznes qurmaq istəyənlər üçün sənədləşmə işləri rahatdır.
Əvvəllər şirkət qurmaq üçün sadəcə sənədləşmə rüsumunu ödəyib şirkətini açırdın, yaxud yatırım edirdin. Ancaq indi burda bir az fərqliliklər var. Şirkət açma rüsumları o qədər yüksək deyil. Ancaq məsələ belədir ki, şirkət qurursunuzsa, hansı sahədə çalışacaqsınızsa, o zaman şirkətinizin sərmayəsini müəyyənləşdirməlisiniz. Sərmayənin məbləği sizin özünüzə aiddir. 1000 dollar da müəyyənləşdirə bilərsiniz, 100 min dollar da. Müəyyənləşdirdiyiniz pulu zəmanət məbləği olaraq bank hesabına yatırırsınız. Bu halda işçilik vizası ilə təmin olunacaqsınız. Bu vizanın müddəti 1 illikdir. Yəni şirkət kimi fəaliyyət göstərmək, işçi götürmək hüququna malik olursunuz. Şirkətin sənədləşmə işləri bitdikdən sonra pulu bankdan götürə bilərsiniz. Yaxud rəsmi qaydada göstərməklə də olur. Məsələn, rəsmi qaydada göstərilir ki, şirkətin sərmayəsi 10 min dollardır, ancaq 10 faizini hesaba yatırır.
İnvestor kimi yatırım etmək istəyirsinizsə, bunun üçün investor vizası almalısınız. Bunun üçün isə bank hesabınızda 35 min dollar məbləğ olmalıdır. Bu, vizanın sənədləşdirilməsi üçün lazımdır. Sənədləşmədən sonra çəkib istifadə edə bilərsiniz. Bu viza isə 3 il müddətinə verilir. Vaxt tamam olanda, yeniləyirsiniz.
- Yəni hər hansı maneə yoxdur?
- Məndə 5 şirkətdir, 10 şirkət də qurmaq olar. İş qurmaqla bağlı proses indi əvvəlki dövrlə müqayisədə daha rahatdır. Misirə idxal çətindir, ixrac yox. 2018-ci ilə qədər Misirə əcnəbi vətəndaş idxal edə bilmirdi. Misir qanunlarında şərt var idi ki, idxal həyata keçirəcəksənsə, misirli şərikin olmalıdır. İndi sərbəstdir. Misirdə iş qurmaq istəyənlərə hər zaman dəstək olmuşuq, olmağa hazırıq.
Qeyri-rəsmi də olsa, Yeni Qahirədə konsaltinq tipli ofisimiz var. İş adamlarına ödənişsiz xidmət göstəririk. Yerli və xarici ölkələrin biznes adamları ora müraciət edirlər. Misirdə biznes imkanları və s. ilə bağlı köməklik göstəririk. Bildiyimiz insanlar varsa, yönəldirik. Hansı bölgəyə yatırım etməklə bağlı da məlumat veririk.
- Misirdə hansı sahədə biznes qurmaq olar?
- Tikinti materialları, məişət avadanlıqları, meyvə-tərəvəz və s. sahədə işlər görülə bilər. Məsələn, Azərbaycanla bağlı restoran qurularsa və düzgün yer seçilsə, işləyə bilər. Yaxud qida sektorunda – marketlər şəbəkəsi qurmaq da uyğundur. Turizm sahəsi də rahatdır, orda da işləmək olar. İstehsal isə hər sahəyə açıqdır. Hər sahədə istehsalla məşğul olmaq olar. Sıfırdan iş qurub böyüdə bilinəcək məmləkətdir.
- Misir dövləti bizneslərə nə kimi dəstək göstərir?
- Misirdə yeni-yeni sənaye bölgələri açırlar. O bölgələrin inkişafı üçün əraziləri Misirin məşhur, öndə gedən şirkətlərinə, holdinqlərinə satırlar. Tutaq ki Misirin 10 böyük firması var, ərazidə işləri onlar aparırlar. O firmalar işləri götürüb xırda şirkətlərə gördürürlər. Məsələn, bu ərazi filan şirkətin sənaye bölgəsidir. Orda işə başlayırsansa, dövlət səni 3 illik vergidən azad edir. İstehsal üçün başqa ölkədən gətirdiyin avadanlıqlar da gömrük rüsumundan azaddır. Kommunal güzəştlərin olur. 3 ilə müəssisə müəyyən yerə gəlir. İxracat vergidən azaddır. Üstəlik ixracata 100-də 14 faiz dövlət dəstəyi var. Mən bizneslərimdə bu imkanlardan yararlanmışam. Məsələn, bir milyon dollarlıq ixracınız varsa, rəsmi qaydada bunu sübut edirsiniz və dövlət sizə 100-də 14 faiz geri qaytarır. Vergi, sığorta və s. xərcləri çıxır, 7-8 faiz sənin hesabına köçürülür.
- Pandemiya dövrü Misirdə bizneslərə necə təsir etdi?
- Bu müddətdə işimiz, sifarişlərimiz çoxaldı, amma qazancımız azaldı. Biz daha çox istehsal edərək o zərərlərimizi kompensasiya etməyə çalışdıq. Amma maliyyə planlaması aparmaq olmurdu. Əvvəllər tutaq ki bir işin qiyməti 100 manata idi, bəlli bir müddət belə davam edirdi, müəyyən planlama apara bilirdin. Pandemiya dövründə sabitlik pozuldu. Bir gün 101, bir gün 105, sonra 110 kimi olurdu. Yükdaşımada bəzən problemlər yarandı. Ona görə, böyük zərərlərimiz pandemiya dövrünə düşdü. Məsələn, biz gəmi ilə Türkiyədən də Misirə mal gətiririk. Gəmilərin gecikməsi, limanlarda qalması, onların cərimələnməsi və s. Gəmilərin gecikməsinin bizə zərərləri çox oldu.
Sonra bank sistemində iş saatının azalması, pul köçürmələrinə qoyulan limitlər də işimizə təsir edirdi. Bu, Misirdə daha yayqın idi və hazırda da davam edir. Pul köçürmələrində limitlər qoyuldu. Bank sistemində iş saatları azalmışdı. Normalda 8:30-da açılırdı, 15:00-a kimi işləyirdi. Pandemiya dönəmində 12-yə kimi işlədi. Heç bir iş görə bilmirsən. Gömrük işlərində də sənədlər çox vaxt alır. Biz normalda sənədləşmə işlərində gecikirdik. İş saatları azaldığına görə, bütün gecikmələr, zərərlər bu dövrdə oldu. Az deyildi, toparlamağa çalışdıq. Daha çox əmək sərf edərək işi böyütməyə çalışdıq ki, bir-birini kompensasiya etsin.
İndi Misirdə başqa problemlə üz-üzəyik. Bu, bahalaşmadır. Misirin yaşam səviyyəsi yüksəlir, körpürlər tikilir, yollar genişlənir, dövlət bu işlərə vaxt, maliyyə sərf edir və qiymətlər artır. Bunlar olduğu müddətdə o sürətə yetişmək üçün bir az əziyyət çəkirik.
- Azərbaycan-Misir arasında idxal-ixrac işindən danışaq...
- Mən Misirdən Azərbaycana deyil, Azərbaycandan bu ölkəyə ixrac etməyə daha maraqlıyam. Amma Azərbaycanın istehsal gücü zəifdir. Hər zaman görüşlərdə deyirəm ki, reklam işini gücləndirmək lazımdır. Ölkəmizin ixrac oluna biləcək nələri var? Bəlli bir şeylər üzərində dururlar ki, bizim bu mallarımız var. Onlar da Misir bazarına uyğun deyil. Misir bazarı çox genişdir. 110 milyonluq məmləkətdir. Hər nə istəsən, bu ölkəyə ixrac etmək olar. Görünür ki, Azərbaycanda da idxal-ixrac işlərini aparacağıq.
- Bu iki ölkə arasında idxal-ixrac nə dərəcədə sərfəlidir?
- Son bir ildə bunun üzərində işləyirik. Öncə iki ölkə arasında yükdaşımasını həll etməliyik. Misirlə Azərbaycan arasında yük daşınmasında hansı yol daha uyğundur? Misirdən Azərbaycana mal göndərəndə, Türkiyə üzərindən göndərirdik. 15 günə Türkiyəyə, ordan da Gürcüstan üzərindən Azərbaycana göndərilirdi. Bunun da maliyyəsi çox yüksək olurdu. Sonra yeni bir yol kəşf etdik ki, Misirdən “Poti” limanına daha qısa müddətli gəlir. Oradan qatarla Azərbaycana daha az zaman içərisində çatır. Amma gələcəkdə yüksək həcmli mallar olarsa, Gürcüstanda gəmi firması ilə anlaşma imzalayıb bu işi daha sərfəli yolla həll etmək olar. Azərbaycandan Misirə yükdaşıma olarsa, qatarla Bakıdan Gürcüstana daşınır, oradan da həmin gəmilər ilə Misirə. Misirdə orta həcmli gəmiləri kirayə götürmək olur. 3000-5000 tonluq yük olarsa, rahat şəkildə Misirə 10 günə çatdırmaq imkanı var.
- Qeyd etdiyiniz məsələ həll edilsə, nələri ixrac edə bilərik?
- Düşündüyümüz məhsullar qida sektorundadır. Təklif etmişik, qəbul olunub. Azərbaycanda hansı firmalarla işləyəcəyimizi zamanla dəqiq biləcəyik. Fevralda Bakıda Azərbaycan və Misir arasında böyük bir biznes forum keçiriləcək. Bu istiqamətdə o forum daha çox töhfə verəcək. Bəzi iş adamlarını ora cəlb edəcəyik. Gərək maraq oyansın ki sonra iş görəsən. Son iki ildə dövlətlərin bu marağı çoxalıb. Elə bir ölkə yoxdur ki, ordan faydalanmaq olmasın. Çalışmaq, maraq göstərmək lazımdır. Toplantılarda həmişə deyirdim ki, Misir böyük ölkədir, bazarı genişdir. Hər kəsə də açıqdır. Hər kəs ordan ixrac edə, həm də idxal edə bilər. Bunu dəyərləndirmək lazımdır.
Çayımız niyə Misir bazarında satılmasın? Meyvə şirələrimiz var, niyə Misirdə də olmasın? İstifadə müddətləri uzundur, rahat şəkildə ixrac oluna bilər. İlk mərhələdə bunları düşünürəm. Misirdə görüşlərdə azərbaycanlı olduğumu biləndə deyirlər ki, Azərbaycandan bura nə gəlir? Bizdən ora ixrac var, amma çox cüzidir. Fərdi-firmalar aparır. Amma yüksək səviyyədə, geniş şəkildə etmək olar. Hər zaman demişəm ki, Misirdə satış problemi yoxdur. Çatdırılma problemi də yoxdursa, reklam edib işi qurmaq olur.
- Ölkəmizin biznes mühiti ilə də yəqin ki məlumatlısınız. Bu bazar sizə necə görünür?
- Mənə Azərbaycan bazarı daha asan gəlir. Bəlkə də mən Misir kimi böyük məmləkətdə çalışmışam, çox çətinliklər görmüşəm deyə, Azərbaycan bazarı asan gəlir. Ancaq düşünürəm ki qısa müddətdə işlər qurula, müəssisələr açıla, fəaliyyət göstərilə bilər.
- Azərbaycan Sahibkarlar Konfederasiyasının Misir Ərəb Respublikası, Səudiyyə Ərəbistanı, Sudan üzrə nümayəndəsi təyin olundunuz. Nümayəndə olmağınız nələr etməyə imkan verir?
- Hər zaman Azərbaycan Misir iqtisadi əlaqələrinin inkişafı üzrə könüllü olaraq fəaliyyət göstərmişəm. Diaspora fəaliyyəti və s. nə olubsa, razı olmuşam. Sahibkarlar Konfederasiyasının Misirdəki nümayəndəsi olduqdan sonra rəsmi şəkildə müraciətlər edə bilirik. Öncədən firma olaraq müraciət ünvanlayırdıq, indi artıq ölkə olaraq rəsmi şəkildə bunu edə bilirik. Misirdə sərgilər təşkil edən təşkilat var. Onlarla müqavilələr imzalamışıq. Azərbaycandan iş adamlarını dövlət hesabına VİP şəkildə Misirə dəvət edirlər. Əvvəllər ölkələr bunu ödənişsiz edirdilər, amma son dönəmlər ödənişli olur. Amma Misir dövləti bizə bunu ödənişsiz edir. Bu sərgilərə düzgün iş adamlarını göndərmək lazımdır ki, effekti də olsun, məhsullarını bazara çıxarsınlar. Buna çox böyük əmək sərf olunur. Bizim həftəlik bülletenlərimiz dərc olunur, orda Misirdəki bütün sərgilər haqqında məlumatlar yayılır. İllik sərgi proqramlarımız var, onu Azərbaycana yollayırıq. Hansı iş adamları Misirə gəlib sərgidə öz məhsulunu təqdim etmək istəyirsə, biz onu təmənnasız yerləşdiririk. Hər şeydə maddi qazanc əldə etmək məqsədimiz yoxdur. Az bir reklam olarsa, biz onu böyüdə bilərik. Yetər ki iş adamları maraqlı olsunlar. Misir də buna açıqdır. İstifadə etmək lazımdır.
- Misirə işçi kimi gəlmək istəyənlər də ola bilər. İşçi kimi gəlmək üçün nə dərəcədə sərfəlidir?
- Mənim şirkətlərimdə fərqli ölkələrdən işçi var, amma Azərbaycandan yoxdur. Gəlib dözüb işləyə bilmirlər. Əslində, istəyərəm gəlsinlər, amma yoxdur. Fikri gəzmək dolaşmaq olmayan adam Misirdə gəlib rahat işləyə bilər. Çünki Misirdə elə səmimi ortamlar yoxdur. Turistik yerləri var, gəzmək olar, amma əyləncəli yer çox deyil.
- Yaşayış xərcləri necədir?
- Bölgədən-bölgəyə dəyişir. Tək gəlirsə, 400 dollara kirayə yaxşı ev götürə bilər. Evlər o qədər baha deyil. Maşın da o qədər baha deyil.
- Misirdə iş adamları üçün kredit imkanları necədir?
- Sənədlər qaydasındadırsa, iş adamı kimliyi varsa, Misirdə bankdan rahatlıqla kredit götürüb iş görmək olur. Şərtləri də elə çətin deyil. Ən azı 60-70 min dollar rahat götürmək olur. Təbii ki iş adamları daha çox götürürlər. Kredit faizləri 8-12 arasında olur. Ancaq hələ ki mən götürməmişəm.
- Müəyyən işlər var ki, orda bizneslər zərərlərin kompensasiyası üçün sığortaya üz tuturlar. Sizin məşğul olduğunuz idxal-ixrac da həmin işlərdəndir. Sığorta nə dərəcədə köməkçiniz olur?
- Misir limanları elədir ki, yükdaşımalar üçün uzun müddət lazım gəlmir. Avropa ölkələrinə məhsul 4-5 günə çatır. İskəndəriyyə limanı bütün Avropa ölkələrinə maksimum bir həftə, 10 günə hər hansı məhsulu çatdıra bilir. Qısa müddət yol getdiyi üçün zərər riskləri azdır. Ancaq Misirdəki sığorta şirkətləri elə də güclü səviyyədə deyil. Onu gözə alaraq iş görmək lazımdır. Bir problem yaransa, gərək bütün işini atıb sığorta şirkəti ilə işləyəsən ki, o problemin həlli üçün çalışasan. O da həll ola, ya olmaya. Amma hər hansı zərərimiz olursa, onu özümüz ödəmişik, sığorta yox.
- Biznes qurmaq istəyənləri maraqlandıran bir məsələ də işçilərə verilən əməkhaqqıdır.
- Yaşayış xərcləri Misirdə sürətlə artır. Ona görə, bu xərclərə uyğun olaraq illik maaş artımına getməlisən. Həyat şəraitini təmin edəcək maaşı verməsən, təbii ki o da sənə işdə istədiyin keyfiyyəti vermir. Hər zaman gözü axtarışdadır: Başqa harda daha çox maaş ala bilərəm? Başqa yerdə də yüksək maaş bəlkə tapmayacaq, bazarda vəziyyət eynidir. Ancaq yenə də axtarışda olur. Yerli 300 dollar maaş verirdisə, mən eyni işi görənə 400 dollar verirdim. Amma indi onu edə bilmirəm. Pandemiyanın təsirlərindən dolayı bunu edə bilmirəm.
- Xarici şirkətlərdən maaş gözləntisi həmişə yüksək olur...
- Mən də hər zaman bunu təmin etməyə çalışmışam. Həm insani tərəfdən yanaşırdım, həm də işçinin gözünün kənarda olmasını istəmirdim. Bir də işimiz davamlı olsun. Bir işçini götürüm işi öyrədim, sonra başqa şirkətə getsin, bu şirkət üçün itkidir.
Xüsusi olaraq FED.az üçün Aygün Asimqızı