“Crocus Group”un sahibi Araz Ağalarov və birinci vitse-prezidenti Emin Ağalarov, şirkətin maliyyə öhdəliklərini yerinə yetirmək üçün kredit götürüblər.
Eləcə də bax: Araz Ağalarov “Crocus Group”un koronavirusa görə - İTKİSİNDƏN DANIŞDI
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Emin Ağalarov “RBC” kanalına verdiyi müsahibədə bildirib.
“Biz şirkətlər qrupunun sahibi olan atam Araz Ağalarovla birlikdə böyük miqdarda kredit götürdük”, – deyə Emin Ağalarov söyləyib. O, krediti fiziki şəxsin adına, rubl və dollar valyutasında götürdüyünü vurğulayıb. Sahibkarın sözlərinə görə, bunun əsas səbəbi bir çox bankların müəssisələrə borc vermək istəməməsidir. Pul ilk növbədə şirkətin “Sberbank” qarşısında olan öhdəliklərini yerinə yetirilməsinə və pul qoyulduğu layihələrin başa çatdırılmasına xərclənəcək.
Emin Ağalarov kreditlərin dəqiq məbləğini açıqlamayıb. Onun verdiyi məlumata görə, ticarət mərkəzlərində trafik hələ də bərpa olunmayıb və həmişəkindən təxminən 20-25% aşağıdır.
Xatırladaq ki, aprel ayında Emin Ağalarov “Crocus Group”un “təhlükəsizlik yastığı”nın həftələrlə ölçüldüyünü söyib. İyunun sonunda sahibkar üç avtomobilini satsa da, işçilərinin maaşını ödəmək üçün kredit götürməli olub. İyulda isə Araz Ağalarov “Crocus Group”un itkilərini 4 milyard rubl dəyərində qiymətləndirib.
“Forbes” jurnalının hesablamalarına görə, Araz Ağalarov Rusiyanın 200 ən zəngin adamı reytinqində 55-ci yeri tutur. Onun sərvəti 1,7 milyard dollar dəyərində qiymətləndirilir, Emin Ağalarov isə Rusiyanın yaşı 40-dan az olan ən uğurlu ulduzları sırasında 29-cu yeri tutur, sərvəti 3,1 milyon dollar dəyərində qiymətləndirilir.