Oktyabrın 16-da Bakının Nərimanov rayonunda «Metro City» ticarət mərkəzindəki yanğın hadisəsindən zərər çəkən sahibkarların icarə haqqı geri qaytarılıb.
Bu barədə FED.az-a iş adamlarının özü məlumat verib. Onlar bildiriblər ki, icarə haqqını əvvəlcədən ödədikləri üçün obyekt sahibi oktyabrın qalan 15 gününün pulunu sahibkarlara qaytarıb.
Yanğın nəticəsində 20 min manat zərərə düşən sahibkar Gülnarə Əsgərova deyir ki, sahibkarların ticarət mərkəzində ödədiyi icarə haqqı fərqli olub və onlara fərqli məbləğlər - aylıq icarə haqqının yarısı geri ödənilib: «Metro Sity»nin sahibi Füzuli müəllim icarənin qalan 15 gününün ödənişini verdi. Mənim icarə haqqım 1 065 manat olduğuna görə bu gün mənə 532 manat ödəniş olunub.
İş adamları bildirirlər ki, yanğın hadisəsi ilə əlaqədar cinayət işi açılıbsa da dəymiş ziyanın hesablanması üçün artıq onlara bildirşlər gəlir, onlardan dəymiş zərərin məbləği dəqiqləşdirilir, yanan malların siyahısı istənilir: «Çağırılanlar var, artıq onlar öz siyahılarını istintaq şöbəsinə təqdim ediblər».
Xatırladaq ki, «Metro City»də baş verən yanğın nəticəsində ümumi sahəsi 300 kvadratmetr olan ümumilikdə 21 satış bölməsinə zərər dəyib. Hadisə günü FED.az-a müsahibə verən iş adamları 20-50 min manat arasında zərərə düşdüklərini göstərmişdilər.