“Lactalis Group”un Azərbaycana idxal etdiyi süd məhsullarında heç bir təhlükə aşkarlanmayıb.
FED.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki, “Lactalis Group” Fransa şirkətinin ölkəmizdəki təmsilçisi 2011-ci ildən fəaliyyətdə olan "Lactalis Caspi” MMC-dir. Agentlik yaranmış vəziyyətlə əlaqədar Dövlət Gömrük Komitəsi, Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Müfəttişliyi və Dövlət Baytarlıq Nəzarəti Xidməti ilə birlikdə ölkəyə “Lactalis Group”a məxsus hansı çeşiddə və sayda qida məhsullarının idxal olması ilə bağlı araşdırmalara başlayıb.
Respublika Sanitariya-Karantin Müfəttişliyindən Qida Təhlükəsizliyi Agentliyinə verilən məlumata görə, “Lactalis” nişanlı uşaq qidalarının dövlət gigiyena qeydiyyatına alınması ilə əlaqədar bu quruma hər hansı bir müraciət olmayıb. Dövlət Baytarlıq Nəzarəti Xidməti isə bildirib ki, 2017-ci il ərzində adıçəkilən şirkətin “Picot”, “Milumel” və “Celia” uşaq qidaları və digər süd məhsulları ölkəmizə idxal edilməyib. Bu şirkətə məxsus başqa nişanlı süd məhsulları gətirilib ki, onlardan da götürülən nümunələrin qida üçün yararlı olduğu müəyyən edilib.
Xatırladaq ki, xarici mediada dünyada üçüncü süd məhsulları istehsalçısı olan Fransanın “Lactalis Group”un Kraon zavodunda istehsal olunmuş bütün quru süd və əlaqəli süd məmulatlarının geri çağırılması ilə bağlı xəbərlər yayılıb. Bu qərar 12 yanvar 2018–ci il tarixdə Fransanın İqtisadiyyat naziri Bruno Le Mer və konsernin baş direktoru Emmanuel Benye arasında danışıqlardan sonra verilib.
“Lactalis Group”un Azərbaycandakı nümayəndəliyi “Lactalis Caspi” MMC-nin təmsilçilərinin Qida Təhlükəsizliyi Agentliyinə verdiyi məlumata görə, “Celia” nişanlı qida məhsulları əvvəlki illərdə ölkəyə idxal edilib, lakin 2013-cü ildən etibarən bu məhsulun idxalı dayandırılıb. Hazırda beynəlxalq şirkətə məxsus digər süd məhsulları idxal edilir.
Aparılmış araşdırmaların nəticəsi olaraq beynəlxalq mətbuatda salmonella bakteriyasının tapıldığı güman edilən və satışdan götürülən “Lactalis Group”a məxsus “Picot”, “Milumel” və “Celia” nişanlı uşaq qidaları və digər süd məhsullarının ölkəyə idxal edilmədiyi, bu səbəbdən də narahatlığa əsas olmadığı müəyyən edilib.
İstehlakçıların satış nöqtələri, ticarət obyektlərində adıçəkilən qida məhsullarına rast gəldikləri halda Qida Təhlükəsizliyi Agentliyinin (012) 565-12-72 və ya (012) 565-12-82 nömrələrinə məlumat vermələri xahiş olunur.
Məşhur süd istehsalçısının məhsulları yoxlandı - NƏTİCƏ
12:29
18 Yan 2018