“Mesa Group” koronavirusla bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq kredit ödənişi olan bütün müştərilərinə 1 aylıq güzəşt tətbiq edib.
Qeyd edək ki, “Mesa Group” bütün MDB ölkələri üzrə tibbi və estetik avadanlıqların satışı, servisi, təlimi və seminarların təşkilatı ilə məşğul olan ən böyük və aparıcı şirkətlərdən biridir. “Mesa Group” bu sahədə həmçinin təchizatçı, quraşdırma təminatçısı və məsləhətçidir.
“Mesa Group”un təsisçisi və direktoru Məftun Xəlilov FED.az-a bildirib ki, şirkətin güzəştləri tək kredit ödənişlərinin dondurulması ilə bitmir: “Hazırkı situasiyada səhiyyəyə lazım olan süni tənəffüs aparatlarına, UZİ cihazlarına xüsusi endirimlər etmişik. Məsələn, tutaq ki, hamı standart qiymətə - 20 min manata satır. Bizdə də əvvəl 20 min manat olub. Hazırda bütün avadanlıqlara10-15% arası güzəşt tətbiq olunub ki, həm dövlət, həm də istənilən klinikanın büdcəsinə sərf etsin. Hesab edirəm ki, bunlar az güzəştlər deyil. Nəzərə alaq ki, alınacaq avadanlıqlara aylıq 50 mindən çox kredit ödənişimiz var. Firma olaraq bunu 1 aylıq dondurmuşuq”.
Məftun Xəlilov güzəştdən yararlanmaq istəyənlərin olduğunu da diqqət çəkib: “Biz sosial şəbəkələrdə daha çox aktivik. Buradan müraciətlər daha çoxdur. Qiymətləri görüb bəyənənlər var. Bəzi klinikalarla, həkimlərlə danışıqlar gedir. Təbii ki, bu güzəştlər hər kəsə sərf edir”.
Firma rəhbəri avadanlıqların Avropa və Asiyanın bir çox ölkələrdən gətirildiyini də deyib: “Tibbi və estetik sahədə Azərbaycanda 20-dən çox zavodun distributoruyuq. Başlıca ölkələrimiz əsasən İtaliya, Almaniya, Çin və Koreyadır”.
Məftun Xəlilov idxalda çətinlik yaşamadıqlarını, amma trasportla bağlı çətinliklərinin olduğunu da qeyd edib: “Beynəlxalq nəqliyyat yükdaşımalarında gömrükdə yubanmalar baş verir. Doğrudur, məhsullarımız tez gəlsin deyə, biz əsasən hava nəqliyyatı ilə işləyirik. İndi hava nəqliyyatının özündə belə, çətinliklər yaranıb. Tutaq ki, əvvəllər Çindən hava yükdaşımaları həftədə 4 dəfə çıxırdısa, indi həftədə 1 dəfə çıxır. Buna görə trasportda bəzi gecikmələr yaşanır. Amma gömrüklə bağlı hər hansı bir problem yoxdur”.
Məlumat üçün bildirək ki, “Mesa Group” üç istiqamətdə fəaliyyət göstərir:
Klinika, hospital, spa və mərkəzlərin avadanlıq təchizatı,
Professional təlimlər, treninqlər, konqresslər və seminarların təşkili;
İstənilən növ tibbi və estetik avadanlıqların servis xidməti.