2018-ci ilin may ayında Bakıda mənzillərin qiymətində ucuzlaşma qeydə alınıb. FED.az xəbər verir ki, "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov bildirib ki, təkrar mənzil bazarında qiymətlərdə ay ərzində azalma 0.3 faiz olub. İllik müqayisədə isə təkrar mənzil bazarında 2.24 faiz ucuzlaşma baş verib.
Ekspert ay ərzində ilkin mənzil bazarında da qiymətlərin azaldığını qeyd edib. N.İbrahimovun sözlərinə görə, ilkin mənzil bazarında azalma ay ərzində 1.91 faiz, ilin əvvəli ilə müqayisədə isə 1.64 faiz olub.
N.İbrahimov həyət və bağ evlərində də may ayı ərzində 1.45 faiz azalma olduğunu diqqətə çatdırıb. İlin əvvəli ilə müqayisədə isə 2.25 faiz artım var.
Bakıda torpaq bazarında isə may ayı ərzində qiymətlər 1.98, ilin əvvəli ilə müqayisədə isə 5.81 faiz artıb.
Lakin ekspert hesab edir ki, il ərzində Bakıda mənzillərin qiymətində az da olsa artım qaçılmazdır. Baş direktorun sözlərinə görə, artım təqribən 4-6 faiz civarında proqnozlaşdırılır.