Azərbaycanın tanınmış yerli mebel istehsalçılarından olan «Məmmədoğulları» QSC 2023-cü ilin nəticələrini açıqlayıb.
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, 2023-cü ildə şirkətin ümumi gəlirləri 11 milyon manatı, xərcləri isə 10 milyon manatı keçib. 2022-ci illə müqayisədə şirkətin həm gəlirləri, həm də xərcləri 2 milyon manata yaxın artıb.
2023-cü ildə şirkət 11 milyon 31 min manatlıq mebel və sair mal-xidmət satıb. Satışların və gəlirlərin artmasına baxmayaraq 2023-cü ildə «Məmmədoğulları»da əmək haqları 100 min manat azalaraq 1,7 milyon manatdan 1,6 milyon manata enib.
Əvəzində xammal və materiallara çəkilmiş xərclər 1 milyon manata yaxın artaraq 2022-ci ildəki 5,1 milyon manatdan 6 milyon manata yüksəlib.
Nəticədə şirkətin vergidən əvvəlki mənfəəti 920 min manat olub. Buradan 184 min manatlıq mənfəət vergisi ödənişindən sonra «Məmmədoğulları» QSC-nin 2023-cü il üzrə xalis mənfəəti 736 min manat təşkil edib.
Bu 2022-ci illə müqayisədə 286 min manat və ya 60% artıqdır. Xatırladaq ki, «Məmmədoğulları» QSC 2022-ci ili 450 min manat xalis mənfəətlə bağlamışdı.
2023-cü ilin sonuna “Məmmədoğulları” QSC-nin aktivləri 8 milyon 977 min manat olub. 2022-ci illə müqayisədə aktivlərdə aktivlər 1,4 milyon manat azalıb.
İlin sonuna şirkətin 920 min manatlıq əmlakı var, qısamüddətli aktivlər isə 8 milyon manatdır. Əsas azalma da qısamüddətli aktivlərdə baş verib. Belə ki, «Məmmədoğulları» QSC-nin 2022-ci ilin sonunda 5,4 milyon manat alacağı vardısa, 2023-cü ilin sonunda bu məbləğ 4,1 milyona düşüb. Əvvəlki ildə şirkətin ehtiyatarı 3,3 milyon manat idisə, 2023-ün sonunda bu rəqəm 600 min manat azalaraq 2,7 milyona düşüb.
Şirkətin kapitalı isə əksinə artaraq 2,5 milyon manatı keçib.