Dövlət Vergi Xidməti "Azərbaycan Mebel İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin nümayəndələri ilə onlayn görüş keçirib.
Vergi Xidmətindən FED.az-a bildirilib ki, vergi siyasəti baş idarəsinin əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə mebel istehsalı və ixracı üzrə mövcud problemlər, onların həlli və sahənin inkişafı üzrə verilən təkliflər müzakirə edilib.
İştirakçıların nəzərinə çatdırılıb ki, gələcək dövrlərdə də dövriyyənin şəffaflaşması çərçivəsində sənaye sahəsinə dövlət dəstəyinin verilməsi davam etdiriləcək.
Tədbirdə vergi qanunvericiliyi ilə bağlı qaldırılan məsələlərin, habelə sahə üzrə istehsal, ixrac və digər əməliyyatlarla əlaqədar aidiyyəti dövlət orqanları ilə yarana biləcək münasibətlərin tənzimlənməsinin diqqətdə saxlanılacağı qeyd olunub və qarşılıqlı əməkdaşlığın davam etdiriləcəyi vurğulanıb.