Noyabrın 26-da “Kitchen Plus” restoranında keçirilən işgüzar səhər yeməyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov «Marsol» partnyoru olan sahibkarlarla görüşüb.
FED.az xəbər verir ki, görüşdə Natiq Həsənov KOBİA-nın fəaliyyəti, iş adamlarına göstərdiyi dəstək və xidmətlər barədə məlumat verib.
Sədr müavini bildirib ki, KOBİA tərəfindən ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar, sahibkarlığın dəstəklənməsi tədbirləri və dəstək mexanizmləri özəl sektorun inkişafına xidmət göstərir.
Görüşdə həmçinin KOBİA-nın KOB Dostu departamentinin müdiri Elnur Əliyev də iştirak edib və KOB Dostu haqqında məlumat verərək sahibkarların suallarını cavablandırıb.
«MARSOL» MMC-nin təsisçisi Tural Mustafayev şirkətin əsas fəaliyyət istiqamətlərindən və sahibkarlığın daha da inkişaf etməsi üçün həyata keçirdikləri tədbirlərdən məlumat verdi. O bildirib ki, ənənəvi şəkildə təşkli edilən görüşlərdə «MARSOL» MMC -nin tərəfdaşları ilə dövlət qurumlarının nümayəndələri sahibkarları maraqlandıran mövzularda müzakirələr aparırlar.
Görüşdə 9 dekabr tarixində KOBİA və «MARSOL» MMC-nin təşkilatçılığı ilə Şəki şəhərində baş tutacaq 100-ə yaxın sahibkarın iştirak edəcəyi «Regional Tərəfdaşların İnkişafı» layihəsi haqqında da məlumat verildi və video təqdimat izlənildi.
Baş tutan “Business Breakfast və B2B” görüşündə tanışlıqlar olub, iştirak edən sahibkarlar öz biznesləri haqqında məlumat verib. Ən sonda isə MARSOL partnyoru olan «Əminlər Group»-un rəhbəri Məmməd Mənsimov istehsal etdikləri «İlğım» brendinin məhsullarından iştirak edən sahibkarlara hədiyyə edib.