Azərbaycanın ticarət şəbəkələrində indiyədək pulsuz verilən polietilen torbaların pulla satışı nəticəsində marketlər ciddi gəlir əldə edəcəklər.
Nazir müşaviri: "Polietilen torbaların ödənişli olmasının narazılıq yaradacığını düşünmürəm"
FED.az xatırladır ki, fevralın 15-dən etibarən, yəni 2 gündən sonra Azərbaycanın ticarət şəbəkələrində polietilen torbalar pulla satılacaq. Bununla bağlı qanunvericiliyə dəyişiklik edilib və dövlət qurumları bu tələbi marketlərin nəzərinə çatdırıblar.
Hazırda ticarət şəbəkələnində bununla bağlı hazırlıq işləri davam edir.
Bununla bağlı FED.az-a məlumat verən Azərbaycan Respublikası Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin sədr müavini Vüqar Nəfcəfov bildirib ki, Bakının ticarət şəbəkələri gün ərzində alıcılara təqribən 1 milyon ədəd polietilen torba təqdim edir: «Bakı şəhərindəki bütün ticarət şəbəkələrini və məhələ mağazalarını nəzərə alanda paytaxtda gün ərzində alıcılara 1 milyon ədədə yaxın polietilen torba təqdim edilir. İndiyədək bu pulsuz olduğu halda, bundan sonra pulludur».
Bu torbaların satış qiyməti artıq məlumdur və 3-5 qəpik arasında dəyişəcək. Qiymətini nəzərə alanda torbaların satışından market şəbəkələri gündə 30-50 min manat gəlir əldə edəcəklər. Təşkilatın sədr müavini bildirib ki, bu məbləğə baxmayaraq ticarət şəbəkələri bundan qazanc əldə etməyəcəklər: «Ticarət şəbəkələri onsuz da indiyədək bu torbaları pulla alıb alıcılara pulsuz təqdim edirdilər. İndi isə elə aldıqları qiymətə satacaqlar. Ticarət şəbəkələri bundan pul qazanmayacaqlar, amma ən azı xərclərinin bir hissəsini çıxara biləcəklər»-deyə V.Nəcəfli bildirib.