Masallı şəhərində supermarket tikdirən sahibkar yerli icra hakimiyyətinin onun fəaliyyətə başlamasına maneə yaratdığını bildirib.
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iş adamı Azər İsmayılov iki il əvvəl Rusiyadan Azərbaycana qayıtdığını və doğulduğu rayona investisiya qoymaq istədiyini bildirib. Lakin o, Masallı şəhərində tikdirdiyi supermarketi istismara verə bilməyib. A.İsmayılov Masallı rayonunun icra başçısı Araz Əhmədovun onun fəaliyyət göstərməsinə süni maneələr yaratdığını iddia edib:
“Pandemiya vaxtı Azərbaycana qayıtdım və dövlət rəhbərliyinin çağırışına uyğun olaraq vətənimdə iş qurmaq qərarına gəldim. Bundan əvvəl bir azərbaycanlı kimi imkanlarım daxilində Ordumuza maddi dəstək etdim, həmçinin şəhid ailəsi və qazi üçün ayrıca ev tikib onlara təqdim etdim. Eyni zamanda, kəndə işıq, yol çəkilməsi və s. kimi xeyriyyə işləri görmüşəm. Bu yaxınlarda Masallı Rayon İcra Hakimiyyətinin təxminən 20 metrliyində qeyri-yaşayış sahəsi alıb, eləcə də əmlak icarəyə götürüb supermarket tikdirdim”.
A.İsmayılov əlavə edib ki, tikinti işlərinə Masallının keçmiş icra başçısı Şahin Məmmədovun vaxtında başlayıb, bir neçə ay əvvəl rayonda icra başçısı dəyişdikdən sonra isə yeni başçı Araz Əhmədov ona süni problemlər yaratmağa başlayıb: “Marketin fəaliyyəti üçün bütün lazimi texnikaları alıb, içərisi isə külli miqdarda mallarla doldurduqdan sonra icra hakimiyyətindən nümayəndələr gələrək fəaliyyətimizə mane oldu. İlk olaraq yeni icra başçısının Zamin adlı köməkçisi mənə bildirdi ki, 50 min pul verirlər ki, işi dayandırım və market sökülsün. Mən bununla razılaşmadım. Daha sonra obyektə polis postu qoydurdular, elektrik verilişini dayandırdılar. Nəticədə külli miqdarda məhsul marketdə məhv oldu. “Azərişıq”la danışıb elektrik məsələsini həll etsəm də, hələ də bütün qanuni tələbləri yerinə yetirsəm də, icra hakimiyyəti marketin fəaliyyətə başlamasına imkan vermir”.
A.İsmayılov qeyd edib ki, istifadəyə vermək istədiyi obyektin fəaliyyətinin qanunsuz olması ilə bağlı ona hər hansı məhkəmə qərarı da təqdim edilməyib: “Marketin qanunsuz tikilməsi barədə icra hakimiyyəti məhkəməyə müraciət etməyib və iş yerinin açılmamasına dair hər hansı məhkəmə qərarı da yoxdur. Bütün bunlar yeni icra başçısının göstərişi ilə edilir”.
Masallı rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri – baş memar Abbas Mikayılov bildirib ki, qeyd edilən supermarketlə bağlı tikintiyə və istismara icazə verən zəruri sənədlər yoxdur: “ Bütün bu fəaliyyətlər “Şəhərsalma və Tikinti” Məcəlləsi ilə tənzimlənir. Qeyd edilən ərazidə tikintinin aparılması ilə bağlı zəruri sənədləri mövcud deyil, həmçinin tikilinin layihəsi də aidiyyəti üzrə təqdiq edilməyib. Tamamilə qeyri-qanuni şəkildə tikilmiş bir tikilidir”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev isə bildirib ki, qeyd edilən obyektin qarşısında heç bir polis postu qurulmayıb: “Orada polis əməkdaşları dislokasiya üzrə xidmət aparırlar”.