Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və İqtisadiyyat nazirinin müavini Niyazi Səfərovun iştirakı ilə paytaxt Bakıda, eləcə də digər şəhər və rayonlarda fəaliyyət göstərən iri ticarət mərkəzlərinin rəhbərləri və menecerləri ilə onlayn görüş keçirilib.
İqtisadiyyat Nazirliyindən FED.az-a bildirilib ki, Dövlət Vergi Xidmətinin, KOBİA-nın və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələrinin iştirak etdiyi onlayn görüşdə iri ticarət mərkəzlərinin fəaliyyəti zamanı Nazirlər Kabinetinin və Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə, ticarət və xidmət sahələrində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması profilaktikasına dair metodiki göstərişlərə ciddi əməl edilməsi, bu məqsədlə ticarət obyektlərində işçilər və müştərilər üçün lazımi şəraitin yaradılması, iş və xidmət sahələrinin qoruyucu vasitələrlə (əlcək, tibbi maska, dezinfeksiyaedici materiallar və sair) təmin olunması bir daha sahibkarların diqqətinə çatdırılıb. Qeyd edilib ki, metodiki göstərişlər KOBİA və İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) elektron kabinet vasitəsilə də sahibkarlara göndərilib.
Görüşdə, həmçinin koronavirus pandemiyası ilə əlaqədar iri ticarət mərkəzlərinin qarşılaşdıqları çətinliklər və onların həlli istiqamətində müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.