Son illər Bakıda sürətlə-artıb çoxalan geyim mağazaları, tanınmış brendlər arasında yaşı 100 ilə çatan markalar da var. Bunlardan biri «Hatemoğlu» brendidir.
FED.az xəbər verir ki, Türkiyənin ən məşhur və qədim brendlərindən biri olan «Hatemoğlu»nun tarixi 95 il bundan əvvəl Türkiyənin Kayseri şəhərindən başlayıb. 1924-cü ildə müharibədən vətənə dönən Hacı Mustafa Bey Hatem oğlu Kayseridə ilk geyim mağazasını açıb.
Eləcə də bax:«Bakıda 100-150 manata olan geyimi Türkiyədən 20-30 manata gətiririk» - MÜSAHİBƏ
Şirkət kişilər üçün klassik üst geyimlərinin tikilişinə başlayıb, sonradan çeşidləri artırıb. 1933-cı ildə Kayseridə Hatemoğlunun ikinci mağazası açılıb, 1950-ci ildə isə şirkət Ankara Radiosuna reklam veren ilk Anadolu markası olub. 1979-cu ildə isə «Hatemoğlu» ilk dəfə xarici ölkəyə – İsveçrəyə ixraca başladı. İndi İstanbul, Ankara və digər şəhərlər də daxil olmaqla Türkiyədə 85 mağazası var. 2011-ci ildə isə brendin Azərbaycanda ilk mağazası fəaliyyətə başlayıb.
FED.az -ın suallarını «Hatemoğlu»nun müdiri Tural Nəcəfov cavablandırır:- Hatemoğulları artıq 3-cü nəsildir ki, markanı idarə edirlər. Şirkətin Türkiyədən başqa, son illər ABŞ-da, Nyu-Yorkda 4 mağazası açılıb, onlar «Saykı» adı ilə tanınır. Şirkətin indiki rəhbəri Hətəm Saykıdır, atası hələ sağlığında şirkətin idarəçiliyini ona həvalə edib. Yeri gəlmişkən, Hatem Saykı öz adına uyğun yeni – «Hatem Saykı» kolleksyası buraxıb. Hazırda «Hatemoğlu»nun ən yüksək səviyyəli geyimləri sayılır.
- Yeni kolleksiyaların ənənəvi klassik stilindən fərqi nədir?
- Yeni kolleksiyalar ənənəvi klassik geyimlərdən daha yığcam - «sport» və «slim fit» olması ilə fərqlənir, yəni insanın əyninə daha kip oturur. Çünki artıq orta yaşlı təbəqə də getdikcə belə, daha dar kəsimli stilə üstünlük verməyə başlayıb. «Html» kolleksiyası bu stildədir, «h-teen» markası isə daha da yığcam və gənclərə uyğun, demək olar ki, «sport» stilidir. Bu stildə kostyumlar demək olar ki, yoxdur, ən çox yay və idman stilli geyimlərdir. «Html» və «h-teen», həm də qiymət baxımından bir qədər ucuz kolleksiya sayılır Çünki gənclərə aid geyimlərdir və onların qiymətində gənclərin gəlirləri də nəzərə alınır. Nəticədə, məsələn «Html» geyimlərinin qiyməti ilə «Hatem Saykı»nın qiyməti arasında 2 dəfə fərq var.
- Tural bəy, Azərbaycanda Türkiyə istehsalı adı ilə satılan malların hamısı türk mallarıdırmı?
- Xeyr, deyərdim ki, 50% mağazalar mallarını başqa ölkələrdən gətirib türk malı adı ilə satırlar. Hətta elə mağazalar var ki, bazarda kifayət qəər məşhurdur, ilk dövrdərdə doğrudan da türk markaları ilə işləyiblər, amma artıq 1-2 ildir ki, başqa ölkə, o cümlədən Çindən mal gətirib etiketlərini dəyişdirməklə türk malı adı ilə satırlar. Heç etiket dəyşdirməsələr də, Çində elə fabriklər var ki, onlarda malı elə türk malı etiketi ilə istehsal edib gətirirlər. Son vaxtlar belə hallar daha da artıb.
- Sizcə belə halların artımının səbəbi nədir?
- Məsələ bundadır ki, dolların məzənnəsinin dəyişməsi Türkiyədə istehsal edilən malların qiymətinə də təsir edib və o əvvəlki kimi ucuz deyil. Bundan başqa, malın Azərbaycana gətirilməsi, gömrük rüsumu və sair xərclər də onun da qiymətini artırır. Ona görə də bəzi sahibkarlar türk malı gətirməkdənsə, daha çox qazanc əldə etmək üçün başqa ölkədən ucuz malları gətirib türk malı adı ilə satmağa üstünlük verirlər.
- Türk lirəsinin dollar qarşısında ucuzlaşması, türk malını ucuzlaşdırmayıbmı?
- Bu hal oldu, amma qısa müddətdə, özü də yalnız həmin vaxt artıq hazır, tikilmiş mallara aid olaraq. Sonrakı məhsullarda isə Türkiyədə qiymət artımı baş verdi. Çünki, xammalın bir hissəsi xaricdən, məsələn parça İtaliyadan gətirilir. Məsələn, «Hatem Saykı» kolleksiyası 100% İtaliya parçası ilə tikilir. Ona görə də, Türkiyədə və bizdə də qiymətlər artdı. Bunu da nəzərə alaraq şişirdilmiş qiymətlərin olmasına imkan vermirik.
- Bəs Türkiyədə istehsal edilmiş geyimi necə tanımaq olar?
- Parçasından, tikişindən, kəsimlərindən. Eləcə də ölçülərindən. Məsələn, əgər insan 50 ölçülü geyim geyinirsə, türk istehsalı 50 ölçü onun əyninə olacaq, olmursa, deməli türk malı deyil. Yəni bu qədər sadə. Çində geyimlərin kəsimi fərqlidir. Bu ayaqqabılara da aiddir.
- Tural bəy, «Hatemoğlu» mağazasının fəaliyyətə başladığı 2011-ci ildən indiyədək alıcıların davranışında nə dəyişib?
- Çox maraqlı mövzuya toxundunuz. 2011-ci ildə bu günədək geyim tərzi və alıcıların tələbatı tamamilə dəyişib. Bizim müştərilərin 70%-dən çoxu orta və yaşlı nəsildir, yəni 40-50 yaşdan yuxarı və biz dəyişikliyi öz alıcılarımızda da hiss edirik. Çünki 2011-ci ildə daha rahat və geniş geyimlər dəbdə idisə - bu həm kostyum və paltolara, həm də şalvar və köynəklərə aiddir – indi vəziyyət dəyişib.
İndi alıcılar istəyir ki, geyim əyinə daha yaxşı otursun, daha yığcam olsun və daha yaxşı görünsün. Yəni indi insanlar geyimin rahatlığından daha çox görünüşə üstünlük verirlər. Baxın, mağazamızda dərzi var. Əvvəllər müştəri mağazamızda paltarı geyinir və dərzidə ancaq balağını kəsdirirdi, indi isə balağı ilə yanaşı, paltarın özünü də yığdırır, yəni bir qədər darlaşdırırlar. Hər 10 müştəridən 6-7-də biz bunun şahidi oluruq, 2011-2012-ci illərdə də belə hallar tək-tək olardı.
- Bəs alıcıların rəng seçimi necə, dəyişibmi?
- Əslində «Hatemoğlu» markası klassik olsa da, burada açıq rənglər də populyardır. Məsələn, Türkiyədə iş yerində, tədbirlərə və sair yerlərə daha açıq rənglər geyilir. Amma Bakıdakı mağazamızda alıcılar daha çox konservativ üsluba, tünd rənglərə üstünlük verirlər. Ötən müddətdə bu sahədə ciddi dəyişiklik yoxdur, müştərlərin əksəriyyəti əvvəllər olduğu kimi indi də qara və boz rənglərə üstünlük verir. Hərçənd son vaxtlar müəyyən hissə açıq rənglərə meyllənir, üst geyimlərində – palto və kurtkalarda.
- Geyimlərin forması da dəyişibmi?
- Bəzi modellərdə yeniliklər var. Geyimlərin yaxalıqları dəyişib, əvvəllər klassik idi, indi daha enli olub. Kostyumların uzunluğu da təqribən 3-4 santimetr qısalıb. Məsələn, boyu 170 sm olan kişilər üçün pencəklərin uzunluğu 3-4 santimetr azalıb. Digər tərəfdən, əvvəllər standart kostyumla birlikdə jilet və şalvar öz rəngində olurdu, indi fərqli rənglərdədir.
- Azərbaycanda da tikiş sənayesində inkişaf başlayıb. Bu sahənin gələcəyini necə görürsünüz?
- Bəli müəyyən yeniliklər var, hətta yerli markalar da görünməyə başlayıb. Bu əslində yaxşı haldır, amma hələlik inkişaf kifayət qədər deyil. Buradakı sexlər və fabriklərin istehsal etdiyi məhsulların əksəriyyəti lazımi keyfiyyətə uyğun deyil. Bunun üçün Türkiyədəki kimi keyfiyyətli kəsim, eyni zamanda keyfiyyətə nəzarət olmalıdır.
- Bəzi sahələr internet satışa keçir, sizin belə planınız var?
- Türkiyədə «Hatemoğlu»nın onlayn satışı var, istənlən modeli onlayn baxıb sifariş etmək olur. Azərbaycanda isə hələ belə tələbat yoxdur. İnsanlar geyimi daha çox əllərini vurub seçməyə üstünlük verirər
- Bakıda ikinci mağazanı açmaq planınız var?
- Əlbəttə, mallarımıza tələbat və müştəri axını bizdən ikinci mağazanın açılmasını da tələb edir, ona görə də, yaxın gələcəkdə ikinci mağazanı açmağı planlaşdırırıq. Hələlik bunun üçün yer seçimi gedir - markamıza uyğun yer müəyyən edən kimi yeni ünvanda da fəaliyyətə başlaycağıq.