"Topdan və pərakəndə satış məntəqələri sahibkarlardan yalnız qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reysterindən çıxarışını tələb edə bilərlər".
FED.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müşaviri Elxan Mikayılov bildirib.
Qeyd edək ki, Dekabrın 5-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları İctimai Birliyi ilə görüş keçirilib. Görüş zamanı ölkədə süd və süd məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlar iştirak edib. Onlara süd və süd məhsullarının idxalı və ixracının tənzimlənməsi, qeydiyyatsız və eləcə də müvafiq sertifikatsız süd və süd məhsullarının yaratdığı məsuliyyət barədə məlumat verilib. Eyni zamanda, sahibkarlar süd məhsullarının istehsalında minimum tələblərin təmin edilməsi, onların qablaşdırılması və etiketlənməsi, eləcə də qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu arasında əməkdaşlıq barədə məlumatlandırılıb.