Azərbaycanda mebel istehsalı və satışı ilə məşğul olan “Embawood” şirkəti “Madeyra” brendi üzrə qiymətlərdəki artıma aydınlıq gətirib.
“Embawood” şirkətinin marketinq meneceri Vüsal Hüseynov FED.az-a açıqlamasında bildirib ki, “Madeyra” hər zaman olduğu kimi qiymət-keyfiyyət balansını ən optimal formada qurmağa çalışır, öz qiymət seqmentində ən optimal qiyməti təklif edir.
V.Hüseynovun sözlərinə görə, məhsullarımız həm yerli həm də xarici xam mallardan istehsal olunduğu üçün 2020-ci pandemiya dövründə həm Azərbaycanda həm də dünya bazarında müəyyən xammalların qiymətindəki dəyişikliklər istər-istəməz məhsulların yekun satış qiymətinə də təsir edib: “Buna baxmayaraq, biz daima fabriklərimizin istehsal və satış prosesini optimallaşdırmağa çalışırıq ki, bu qiymət artımı illik inflyasiya səviyyəsində qalsın”.
Qeyd edək ki, cari ilin mart ayından etibarən “Embawood” şirkətinə məxsus “Madeyra” brendi üzrə məhsulların satış qiymətlərində 5-6% civarında bahalaşma olub.