İqtisadiyyat Nazirliyinin kollegiyası “Made in Azerbaijan” rəflərinin yerləşdirilməsi nəzərdə tutulan xarici ölkələrdə fəaliyyət göstərən mağazaların, o cümlədən rüsumsuz ticarət mağazalarının siyahısının müəyyənləşdirilməsi meyarları”nı təsdiq edib. Meyarlar bu gündən qüvvəyə minib.
Meyarlar “Made in Azerbaijan” rəflərinin yerləşdirilməsi nəzərdə tutulan xarici ölkələrdə fəaliyyət göstərən mağazaların, o cümlədən rüsumsuz ticarət mağazalarının siyahısının müəyyənləşdirilməsi meyarlarını müəyyən edir. Bu meyarlara uyğun olaraq “Made in Azerbaijan” rəflərinin yerləşdirilməsi nəzərdə tutulan xarici ölkələrdə fəaliyyət göstərən mağazaların, o cümlədən rüsumsuz ticarət mağazalarının, habelə həmin mağazalarda yerləşdirilməsi nəzərdə tutulan məhsulların siyahısı İqtisadiyyat Nazirliyi tərəfindən müvafiq dəstək tədbiri üzrə ixracatçıların seçilməsi üzrə müsabiqə elanında göstərilir və İqtisadiyyat Nazirliyinin rəsmi internet saytında dərc edilir.
“Made in Azerbaijan” rəflərinin yerləşdirilməsi nəzərdə tutulan xarici ölkələrdə fəaliyyət göstərən mağazaların, o cümlədən rüsumsuz ticarət mağazalarının siyahısı aşağıdakı meyarlar əsasında müəyyən olunur:
- mağazanın yerləşdiyi ölkə (ölkələr) ilə Azərbaycanın iqtisadi və ticarət əlaqələri;
- mağazanın yerləşdiyi ölkəyə (ölkələrə) Azərbaycan məhsullarının ixrac potensialı;
- sahibkarlardan daxil olan müraciətlər;
- mağazanın müxtəlif ölkələrdə və ya bir ölkədə fəaliyyət göstərən və istehlakçılar tərəfindən geniş tanınan mağazalar şəbəkəsinə aid olması;
- rüsumsuz ticarət mağazalarının (“duty free”) yerləşdiyi ərazilərdə sərnişin daşımalarının həcminin böyüklüyü və ərazinin beynəlxalq nəqliyyat qovşağı baxımdan əhəmiyyəti.