Cənubi Koreyanın “Samsung” şirkətinin rəhbərliyi korrupsiya qalmaqalına görə istefa verib.
BBC-nin yaydığı xəbərə görə, ölkənin baş prokuroru şirkətin faktiki başçısı olan vitse-prezident Li Çje Yona və şirkətin daha 4 menecerinə qarşı Cinayət Məcəlləsinin korrupsiya maddəsi ilə cinayət işinin başlandığını bildirib.
Bu bəyanatdan sonra şirkət prezidenti Çan Çxun-ki və sədrin müavini Çxve Ki-son tutduqları vəzifədən istefa veriblər.
Qeyd edək ki, Li Cje Yon artıq həbs edilib. O, Cənubi Koreya prezidenti Pak Kın Henin yaxın rəfiqəsi Çxve Sun Sillə bağlı korrupsiya qalmaqalında əli olmaqda ittiham olunur.
Qeyd edək ki, Koreya prezidentinə qarşı impiçment elan olunub, onun rəfiqəsi isə korrupsiya və vəzifə səlahiyyətlərindən şəxsi mənfəəti üçün sui-istifadə ittihamı ilə həbs edilib.
İstintaq müəyyənləşdirib ki, "Samsung" şirkəti bu korrupsiya fırıldağında ən böyük "donor" rolunu oynayıb. Hətta şirkət Çxve Sun Silin qızının Almaniyada at minmək üzrə təlimlərdə iştirakı üçün birbaşa səbəbkara bir neçə milyon dollar verib.
Xatırladaq ki, Li Cje Yon keçən ilin oktyabr ayında şirkətin Direktorlar Şurasına daxil olub. Onun yaxın gələcəkdə şirkətdə bütün idarəetməni əlinə alacağı gözlənilirdi. O, Çxve Sun Sil fondlarından birinə 36 milyon dollar (41 milyard von) köçürüb.