“Carlsberg Azerbaijan” şirkəti pivə ixracı imkanlarını müzakirə edir. FED.az xəbər verir ki, bu barədə şirkətin korporativ əlaqələr departamentinin rəhbəri Nadejda Ovsyannikova “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
“Ötən illər ərzində Xırdalandakı zavoddan bir neçə partiyanın uğurlu ixrac nümunələrimiz olub. Hazırda imkanları araşdırırıq və qonşu ölkələrə ixraca başlanmasına dair danışıqlar aparırıq”, - N.Ovsyannikova qeyd edib.
Onun sözlərinə görə, şirkət ixrac məqsədilə ilk növbədə Qazaxıstan bazarını araşdırır.
“Carlsberg Group”un Qazaxıstanda artıq biznesi var, Almatıdakı istehsal meydançası yüklüdür. Dəniz ilə bu ölkənin qərb bölglərinə ixrac imkanlarına baxırıq”, - N.Ovsyannikova vurğulayıb.
O qeyd edib ki, Azərbaycan İqtisadiyyat Nazirliyi bu planları dəstəkləyir və yardım edir.
“Biz bu yay mövsümünü hədəfə alaraq, danışıqlar aparırıq. Müvafiq zəncir qurandan sonra ixraca başlayacağıq. Əgər bu qış mövsümündə baş verərsə, o zaman da ixraca başlayacağlıq. Azərbaycanda pivə əsasən may ayından sentyabr ayınadək istifadə olunur, digər ölkələrdə mövsüm başqadır. Misal üçün, Qazaxıstanda mövsümi istifadə bu qədər aydın ifadə olunmur”, - N.Ovsyannikova bəyan edib.