“Əməkhaqqı fonduna dəstək və işyerlərinin ixtisarı hallarının qarşısının alınması ilə bağlı gözlənilən tədbirlər seçilmiş fəaliyyət sahələri üzrə iki qrupa – tam zərər çəkən, qismən zərər çəkən sahələr üzrə ayrılacaq”.
Eləcə də bax: Koronavirusa görə kimlərə güzəşt ediləcək? - Mikayıl Cabbarov açıqladı - VİDEO
FED.az xəbər verir ki, bunu iqtisadçı ekspert Rəşad Həsənov Əməkhaqqı fonduna dəstək və işyerlərinin ixtisarı hallarının qarşısının alınması ilə bağlı gözlənilən tədbirlərdən danışarkən deyib.
Ekspertin sözlərinə görə, əməkhaqqına subsidiya iki əmsal üzrə tətbiq ediləcək və tam zərər çəkən sahələrdə 1, qismən zərər çəkən sahələrdə isə 0.7 olacaq.
Bu rəqəmlərin açıqlamasını verən ekspert bildirib ki, birinci kateqoriyaya aid fəaliyyət sahəsində muzdla çalışan və 700 manat maaş alan şəxsə bu məbləğ tam həcmdə ödəniləcək.
“Əgər vətəndaş ikinci kateqoriyaya daxil olan fəaliyyət sahəsində çalışır və 700 manat maaş alırsa, bu zaman 700 manata 0.7 əmsal tətbiq ediləcək və ona 490 manat ödəniləcək”.
Ekspert bildirib ki, kompensasiyanın maksimum həcmi 712 manatdan (2020-ci ilin yanvar ayı üçün orta aylıq əməkhaqqı məbləği) artıq olmayacaq.
Kompensasiyanın nə qədər vətəndaşa veriləcəyi haqqında danışan Rəşad Həsənov qeyd edib ki, bu, təxminən 304 min muzdlu çalışana aid ediləcək.
“İctimai iaşə, xidmət və turizm sahələrində muzdla çalışanlar üçün 712 manatdan artıq olmamaq şərti ilə 100 faiz kompensasiya almaq imkanı yaradılır”.
Rəşad Həsənov dəstək paketlərinin hazırlanması və tətbiqi ilə bağlı çox gecikmə olduğunu qeyd edib.
Xatırladaq ki, ölkədə koronavirus təhlükəsi ilə bağlı olaraq insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 2020-ci il 31 mart saat 00:00-dan 2020-ci il 20 aprel saat 00:00-dək dayandırılır.