Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərliyi Berlində keçirilən Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkənin (INSME) 19-cu İllik Toplantısına qatılıb.
46-cı KOB dostu ofisi - FƏALİYYƏTƏ BAŞLADI
KOBİA-dan FED.az-a bildirilib ki, “KOB-ların gələcək uğurlarında rəqəmsal transformasiya” mövzusunda paneldəki çıxışında agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov qurum tərəfindən KOB-lara göstərilən dəstək və xidmətlərin elektronlaşdırılması, onların innovativ təşəbbüslərinin dəstəklənməsi barədə məlumat verib.
Qeyd edilib ki, sahibkarlara vahid məkanda dövlət və özəl qurumlar tərəfindən xidmətlərin göstərildiyi KOB evlərinin “E-KOB evi” rəqəmsal platformasına keçirilməsi istiqamətində tədbirlər davam etdirilir. KOBİA tərəfindən verilən sahibkarların innovativ təşəbbüslərinə vergi güzəştlərini nəzərdə tutan “Startap” şəhadətnaməsindən, təhsil, elm, tədqiqat və dəstək istiqamətləri üzrə qrant dəstəyindən faydalanan KOB-ların sayı artmaqdadır. KOBİA sahibkarlara ödənişsiz olaraq digər mövzularla yanaşı, biznesin elektronlaşdırılması, bu sahədə rəqəmsal həllər, e-ticarət barədə məsləhət və təlim xidməti göstərir.
Qeyd edək ki, sıralarında dünyanın müxtəlif ölkələrindən 70-ə yaxın üzvü birləşdirən INSME KOB sahəsində fəaliyyət göstərən qurumlar arasında təcrübə mübadiləsinin genişləndirilməsini, bu sahədə qabaqcıl mexanizmləri, dövlət-özəl dialoqunu və beynəlxalq tərəfdaşlığı təşviq edir. KOBİA 2020-ci ildən INSME-nin üzvüdür. İNSME-nin “KOB-ların gücləndirilməsi: iqtisadi diversifikasiya və yaşıl inkişaf” mövzusuna həsr olunmuş 18-ci İllik Toplantısı KOBİA-nın təşkilatçılığı ilə 2022-ci ildə Bakıda keçirilib.