İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) oktyabrın 14-16-da Bakı Ekspo Mərkəzində keçiriləcək 5-ci Yubiley Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi ("Rebuild Karabakh 2025") ilə bağlı sahibkarlara müraciət edib.
FED.az xəbər verir ki, müraciətdə deyilir ki, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin məhsul və xidmətlərinin tanıdılmasına, satış imkanlarının genişləndirilməsinə və yeni biznes əlaqələri qurmasına dəstək məqsədilə bu il də sərgidə agentlik xüsusi stendlə təmsil olunacaq.
Məhsul və xidmətlərini ödənişsiz olaraq KOBİA-nın stendində sərgiləmək istəyən və fəaliyyət istiqaməti sərginin mövzusuna uyğun gələn KOB subyektləri oktyabrın 1-nə qədər müvafiq formanı dolduraraq Agentliyə müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1
"İştirak etmək istədiyiniz tədbir" bölümündə "Rebuild Karabakh 2025" qeyd olunmalıdır.
"Rebuild Karabakh" sərgisi bu il öz yubileyini qeyd edəcək. Builki sərgi informasiya texnologiyaları, investisiyalar, ekologiya, alternativ enerji, inşaat, kənd təsərrüfatı, qida sənayesi, kimya, mədən sənayesi, nəqliyyat, yol tikintisi və infastrukturu kimi bölmələrdən ibarət olacaq.