İndiyədək 13 qadın sahibkara təqdim etdikləri layihə çərçivəsində qrant, 20 qadın sahibkara 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edən “Startap” şəhadətnaməsi verilib.
KOBİA: Azərbaycanda sahibkarların təxminən 22 faizini qadınlar təşkil edir
FED.az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov "Yaşıl dünya naminə qadın həmrəyliyi və innovativ gələcək" mövzusunda tədbirdə deyib.
O bildirib ki, qabaqcıl ölkələrin sahibkarlıq sahəsində təcrübələrinin öyrənilməsi məqsədilə həyata keçirilən “Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində 150-yə yaxın qadın yararlanıb.
“KOBİA olaraq, biz bu və ya digər dəstək tədbirlərinin bütün iqtisadi rayonları əhatə etməsində maraqlı olmaqla yanaşı, ölkədə qadın sahibkarlığın inkişafı üçün müvafiq dəstəyin göstərilməsinə hər zaman hazırıq. Ölkədə qadınların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, onların bilik və bacarıqlarının artırılması, biznes planlarının hazırlanması, onların maliyyə resurslarına çıxışında dəstək göstərilməsi və bu kimi istiqamətlərdə zəruri tədbirlərin həyata keçirilməsinə KOBİA tərəfindən müvafiq dəstək göstəriləcək. Düşünürəm ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində qadın sahibkarlar da daxil olmaqla, bütün sahibkarlarımız biznes fəaliyyətlərində yeni texnologiyalar və rəqəmsallaşdırmanın tətbiqini sürətləndirəcəklər. Ölkəmizdə işgüzar qadınlarımızın sayı artmaqdadır. Qadın sahibkarların fəaliyyətlərini, ölkəmizin sosial-iqtisadi inkişafına verdikləri töhfələri yüksək qiymətləndirir və mandatımız çərçivəsində onları hər zaman dəstəkləyəcəyik", - deyə KOBİA sədri əlavə edib. (Azərtac)