Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində ənənəvi İllik İnvestisiya Toplantısı keçirilir. Tədbirdə iştirak etmək, eləcə də KOB-ların inkişafına yönəlmiş əməkdaşlıq imkanlarına dair fikir mübadiləsinin aparılması məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Əbu-Dabidə səfərdə olublar.
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
KOBİA-dan FED.az-a bildirilib ki, agentliyin nümayəndələri “AIM Congress”in açılış mərasimində və tədbir çərçivəsində təşkil olunmuş “KOB-lar və xarici investisiyalar: çağırışlar və imkanlar” mövzusunda panel iclasda iştirak ediblər. Paneldə Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov KOB-ların birbaşa xarici investisiya potensialı barədə Azərbaycan təcrübəsinə dair fikirlərini bölüşüb. Qeyd edilib ki, yerli KOB-lar satışı artırmaq üçün əhatə dairəsini genişləndirir, yeni bazarlara çıxmağa və müştəri bazalarını böyütməyə çalışırlar. Bununla belə yerli KOB-lar xarici sərmayələri cəlb etmək, yeni bazarlara daxil olmaq prosesində müəyyən çətinliklərlə qarşılaşırlar. Kiçik sahibkarların qarşılaşdıqları belə çətinliklər əsasən məhdud resurslar, biznes biliklərinin az olması, xarici bazarlarda məhsullara dair ciddi tələblər ilə bağlıdır. Bu istiqamətdə Agentlik KOB-lar üçün ödənişsiz təlimlər keçirir, məsləhət xidmətləri göstərir, sərgilərə çıxışa dəstək olur, müxtəlif ölkələrin aidiyyəti qurumları ilə əlaqələri genişləndirir.
“AIM Congress” çərçivəsində sərgi də keçirilir və ölkəmiz burada “Invest in Azerbaijan” stendi ilə təmsil olunur. KOBİA nümayəndələri səfər zaman sərgini və ölkə stendimizi də ziyarət ediblər. Stendimizdə Azərbaycan iqtisadiyyatına, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühitinə, eləcə də sahibkarlara dəstək göstərən qurumların, o cümlədən KOBİA-nın dəstək və xidmətləri barədə məlumat verilir.
“AIM Congress”də startaplar üçün xüsusi proqram da təşkil olunub. Tədbirdə ölkəmizi “AIM Congress” üzrə milli turun qalibi “Recepta” startapı təmsil edir. Kağız çeklərin rəqəmsallaşması platforması olan “Recepta” dünyanın 100-dən çox ölkəsindən olan startaplarla investisiya uğrunda mübarizə aparır. Səfər zamanı KOBİA nümayəndələri “Recepta”nın komandası ilə görüşüb, layihəyə xarici investorların marağı barədə fikir mübadiləsi aparıblar.
Səfər çərçivəsində KOBİA nümayəndələri San-Marinonun sənaye, əl sənəti, ticarət və texnoloji araşdırmalar naziri Fabio Righi, Türkmənistanın Xarici İqtisadi Əlaqələr üzrə Dövlət Bankının İdarə Heyətinin sədri Rahimberdi Jepbarov, Əlcəzair İş Adamları Assosiasiyasının prezidenti Zertit Haisem və Küveyt Biznes Şurasının prezidenti Feras Adel Məhəmməd Əl-Salem ilə görüşüblər. Görüşlərdə biznes qurumları arasında əlaqələrin inkişaf etdirilməsi üçün institusional əməkdaşlığın qurulmasına, mümkün əməkdaşlıq istiqamətlərinə, KOB-larla bağlı təcrübəyə dair fikir mübadiləsi aparılıb.
Həmçinin səfər zamanı KOBİA və “AIM Congress” arasında tərəfdaşlığa dair sənəd imzalanıb.