İyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi işinə başlayıb.
FED.az xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına görə, builki sərgidə Agentlik “yaşıl KOB” konsepsiyası ilə iştirak edir. KOBİA-nın dəstəyi ilə yaradılan stenddə KOB subyektlərinin və startapların “yaşıl layihə”ləri nümayiş olunur.
Stenddə 10-a yaxın KOB subyektinin alternativ və bərpaolunan enerji, ətraf mühitə təsirin ölçülməsi, təhlükəli tullantıların emalı və ləğvinə dair müxtəlif cihazlar və qurğular, ağıllı suvarma sitemləri sərgilənir, xidmətlər təklif olunur.
Məqsəd ölkəmizdə elan edilən “Yaşıl dünya naminə həmrəylik ili” və cari ildə Azərbaycanın ev sahibliyi edəcəyi COP29 kimi mötəbər tədbir ərəfəsində yerli “yaşıl KOB”ları və startapların “yaşıl layihə”lərini geniş auditoriyaya tanıtmaq, onların işgüzar əlaqələrini genişləndirməyə dəstək olmaq, KOB-ların “yaşıl iqtisadiyyat”da rolunun və “yaşıl KOB”ların sayının artırılmasını təşviq etməkdir.
Sərgi çərçivəsində yerli və xarici şirkətlər, eləcə də digər maraqlı tərəflər KOBİA-nın stendinə yaxınlaşmaqla “yaşıl KOB”larla görüşlər keçirə, əməkdaşlıq imkanlarını müzakirə edə bilərlər.
Qeyd edək ki, sərgilər iyunun 6-dək davam edəcək. Sərgilərdə 37 ölkədən 300-dək şirkətin məhsul və xidmətləri təqdim olunur.