Yanvarın 24-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) 2021-ci il üzrə fəaliyyətinin yekunlarına dair Mətbuat Konfransı keçirilib.
FED.az xəbər verirki, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentlik tərəfindən ötən il ərzində görülmüş işlər və perspektiv planlar barədə təqdimatla çıxış edib.
Biznes mühitinin təkmilləşdirilməsi
KOB sahəsində vahid dövlət siyasətinin formalaşdırılması və tənzimlənməsində iştirak çərçivəsində ötən il KOBİA-nın təşəbbüsü ilə hazırlanmış normativ hüquqi aktlardan 3-ü təsdiq edilib, 4-ü razılaşdırılıb, müxtəlif istiqamətlər üzrə hazırlanmış 73 normativ sənəd layihəsinə Agentlik tərəfindən rəy və təkliflər bildirilib.
KOB-ların iştirakı ilə keçirilmiş sorğular
KOB subyektlərinin ehtiyaclarının, qarşılaşdığı çətinliklərin və təkliflərinin öyrənilməsi üçün Bakı şəhəri və ölkə regionları əhatə olunmaqla 2 mindən çox KOB subyektinin iştirakı ilə 15 sorğu (kommunal xidmətlər, ictimai iaşə, tikintiyə icazə, əkinçilik və bağçılıq, elektrik şəbəkəsinə qoşulma, KOB subyektlərinin fəaliyyətlərində qarşılaşdıqları risklər və onların idarə edilməsi, KOB-ların rəqəmsal texnologiyalardan istifadəsi, xarici ticarət əməliyyatları, təlim və ixtisaslı kadr ehtiyaclarının öyrənilməsi, klasterləşmə imkanlarının araşdırılması, korporativ idarəetmənin qiymətləndirilməsi, sahibkarların biznes mühitində məmnunluq səviyyəsinin ölçülməsi istiqamətləri üzrə) keçirilib.
Agentliyə daxil olmuş müraciətlər
2021-ci ildə Agentliyə 5 mindən çox vətəndaş müraciəti daxil olub ki, bu müraciətlərin 1264-ü KOB maraqlarının müdafiəsi ilə bağlı olub. 1264 müraciətin 26%-i dövlət-biznes və biznes-biznes platformaları çərçivəsində müsbət həll olunub, 61%-nə qanunvericiliyin tələbləri izah olunmaqla müvafiq tövsiyələr verilib, 8%-i isə aidiyyəti üzrə digər qurumlara yönləndirilib.
KOB-lara vahid məkanda xidmətlərin göstərilməsi – KOB evləri
2021-ci ilin aprel ayında Yevlax şəhərində Kiçik və Orta Biznes Evi (KOB evi) fəaliyyətə başlayıb ki, bununla da KOB evlərinin sayı ikiyə çatıb (Xaçmaz və Yevlax şəhərlərində olmaqla).
Sahibkarlara vahid məkanda dövlət və zəruri biznes xidmətlərinin göstərildiyi KOB evləri tərəfindən ötən il sahibkarlara ümumilikdə 50 mindən çox “G2B” (dövlət-biznes) və 3 mindən çox “B2B” (biznes-biznes) xidmətlər göstərilib. Belə ki, Yevlax KOB evində 8 dövlət qurumu 150-dək, 7 özəl şirkət 100-dək xidmət göstərir. 2021-ci il ərzində Yevlax KOB evi tərəfindən sahibkarlıq subyektlərinə 24947 xidmət göstərilib ki, onlarında 91%-i “G2B”, digər 9%-i isə “B2B” xidmətlərdir. Xaçmaz KOB evində 9 dövlət qurumunun 150-dək, 8 özəl şirkətin 100-dək xidməti mövcuddur. Ötən il “Xaçmaz KOB evi”ndə sahibkarlıq subyektlərinə 27021 sayda xidmət göstərilib ki, onlarında 97%-i “G2B”, digər 3%-i isə “B2B” xidmətlər olub. Bu yaxınlarda Xaçmaz KOB evində daha 2 yeni xidmət istifadəyə verilib. KOB evləri üzrə göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98% təşkil edir.
Hazırda Gəncə və Bakı şəhərlərində KOB evlərinin yaradılması istiqamətində işlər aparılır.
Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 09.08.2021-ci il tarixli Fərmanı ilə “e-KOB evi” portalı haqqında Əsasnamə” təsdiq edilib. Hazırda portalın fəaliyyətinin təşkili üzrə işlər davam etdirilir.
KOB dostu şəbəkəsi
2021-ci ildə Şirvan, Göyçay, Sabirabad, Salyan, İsmayıllı, Tərtər və Astara rayonlarında olmaqla 7 KOB dostu fəaliyyətə başlayıb. Hazırda KOB dostu şəbəkəsi ölkənin 27 şəhər və rayonunu əhatə edir. KOB dostları sahibkarlıq fəaliyyəti ilə bağlı biznes subyektlərinə yerində operativ dəstək və xidmətlər göstərir.
KOB-ların bilik və bacarıqlarının artırılması
Sahibkarların biznes sahəsində bilik və bacarıqlara çıxışının təmin edilməsi məqsədilə 2021-ci ildə 17 KOB İnkişaf Mərkəzi (KOBİM) fəaliyyətə başlayıb. Bununla da KOBİM-lərin sayı ölkə üzrə 21-ə çatdırılıb. 2021-ci ildə KOBİM-lər tərəfindən ümumilikdə 1600-ə yaxın təlim keçirilib, 17000 saatdan çox məsləhət xidməti göstərilib ki, bu xidmətlərdən 23 minə yaxın KOB subyekti, startap və biznesə başlamaq istəyən şəxslər faydalanıb. KOBİM-lər tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir. KOBİM-lər tərəfindən 2021-ci ildə 76 yeni KOB subyektinin yaradılmasına dəstək göstərilib.
Həmçinin, 180 təlim videosundan ibarət onlayn təlim platforması (ödənişsiz) istifadəyə verilib ki, bugünədək 500-ə yaxın şəxs bu platformadan yararlanıb.
Azərbaycan tərəfindən KOBİA-nın və Almaniya tərəfindən Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) əlaqələndiricisi olduğu “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı”nın icra müddəti daha 3 il uzadılıb. 2021-ci ildə 29, ümumilikdə isə 2009-2021-ci illərdə 480 sahibkar və menecer proqramdan yararlanıb.
Qrant müsabiqələri
2021-ci ildə Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq, KOB-ların təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrinin maliyyələşdirilməsinə başlanılıb. Bu məqsədlə keçirilmiş 1-ci qrant müsabiqəsinə 329 layihə daxil olub ki, onlardan 15-i maliyyələşdirilib (yanacağa qənaət, müxtəlif qurğuların və proqram təminatının hazırlanması, təkrar emal, tullantısız istehsal, beynəlxalq sertifikatların və patentlərin alınması, qadınların məşğulluğunun təmin edilməsi istiqamətləri üzrə). Bu dəstək mexanizmi çərçivəsində hər bir layihə üzrə maliyyələşdirmə məbləği maksimum 20 min manata qədərdir. 2021-ci ilin noyabr ayında isə elm və dəstək istiqamətləri üzrə sayca 2-ci qrant müsabiqəsi elan edilib (200 layihə təqdim edilib) və nəticələri 2022-ci ilin fevral ayında açıqlanacaqdır.
“Startap” şəhadətnaməsi
Nazirlər Kabinetinin 29.01.2021-ci il tarixli Qərarı ilə “Startapın müəyyən olunması Meyarları” təsdiq edilib. Ötən ilin may ayından etibarən mikro və kiçik sahibkarlıq subyektlərinə “Startap” şəhadətnaməsinin verilməsinə başlanılıb. Ötən “Startap” şəhadətnaməsi almaq üçün Agentliyə 66 müraciət daxil olub, Ekspertlər Şurasının 8 iclası keçirilib. İndiyədək mikro və kiçik sahibkarlıq subyektlərinə 32 “Startap” şəhadətnaməsi (kənd təsərrüfatı və aqrar biznes, mobil tətbiq, fintek, onlayn platforma, inovativ həlləri özündə ehtiva edən istehsal sahələri, elektron ticarət layihələri üzrə) verilib. “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
KOB subyektlərinin bazarlara çıxışına dəstək
2021-ci ildə sahibkarların müraciətləri əsasında 10 sahə üzrə (qazlı və qazsız suların, limonadların, sabunun, birdəfəlik karton və plastik məmulatların, kartof free-nin istehsalı, badamın daxili satış kanallarına çıxışı, dekorativ əşyaların hazırlanması, avtomobil ehtiyyat hissələrinin satışı, tibb sahəsi və sosial xidmətlər), KOBİA-nın təşəbbüsü ilə isə 4 sahə üzrə (pambıq bitkisinin gövdəsindən mebel sənayesində lazım olan yarımfabrikat lövhələrin hazırlanması, lifsiz pambıq toxumunun emalı müəssisəsinin yaradılması, pambıq çiyidinin toxumundan, günəbaxan və qarğıdalı bitkilərindən qida üçün yağ məhsullarının hazırlanması müəssisəsinin yaradılması və səyyar qəhvə və yan məhsulların istehlakı) daxili bazar araşdırmaları aparılıb. KOB subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədi daşıyan daxili bazar araşdırması mexanizmi çərçivəsində mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80%-i, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50%-i dövlət tərəfindən qarşılanıb. Orta sahibkarlıq subyektləri isə bu dəstək mexanizmi çərçivəsində ödənişsiz təlim və seminarlardan, informasiya dəstəyindən yararlana bilər. Dəstək məbləğinin maksimal məbləği 20 000 (iyirmi min) manata qədərdir.
Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin daxili və xarici bazarlara çıxışına, satışa dəstək məqsədilə 2021-ci ildə 30-dan çox KOB subyektinin 6 sərgi və yarmarkada (2-si xaricdə, 4-ü ölkədə olmaqla) iştirakına təmənnasız olaraq dəstək göstərilib. Bu sərgilər çərçivəsində KOB subyektləri satış imkanlarının genişləndirilməsi, yeni əməkdaşlıqlara dair 70-dən çox ikitərəfli görüşlər keçiriblər.
KOBİA-nın dəstəyi ilə sahibkarların, xüsusilə də mikro və kiçik biznes subyektlərinin satış imkanlarını genişləndirmək məqsədilə 2021-ci ildə “kobmarket.az” portalı fəaliyyətə başlayıb. Artıq portalda qeydiyyatdan keçmiş sahibkarlar tərəfindən 90-dan çox onlayn mağaza yaradılıb, 1500-ə yaxın məhsul (qida məhsulları, avadanlıqlar, məişət texnikası, təmizlik, təmir və tikinti məhsulları, geyim, suvenirlər, əl işləri, aksesuarlar, kitablar və dəftərxana ləvazimatları, musiqi alətləri və s.) yerləşdirilib.
Azərbaycan Respublikası Prezidentinin 01.12.2021-ci il tarixli Fərmanı ilə “Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Qaydası” təsdiq edilib. Yanvarın 21-dən etibarən mikro və kiçik sahibkarlıq subyektləri ticarət şəbəkələrinə çıxışa dəstək müraciətlərin qəbuluna başlanılıb. Dəstək KOBİA tərəfindən təmin ediləcək. Dəstəkdən mikro və kiçik sahibkarlar istifadə edə bilərlər. Bu dəstək çərçivəsində ticarət obyektində sahibkarın istifadəsinə veriləcək satış yerinin ölçüsü 50 sm, məhsulların satış sahəsində yerləşdirilməsi müddəti isə 3 aydır. Mikro sahibkarlıq subyekti onun istifadəsinə verilən satış sahəsinə görə icarə haqqının 20%-ni, kiçik sahibkarlıq subyekti isə 50%-ni ödəyəcəkdir.
İşğaldan azad edilmiş ərazilərdə KOB-ların potensial fəaliyyət imkanı
44 günlük Vətən müharibəsindən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə biznesin qurulmasına maraq göstərən yerli və xarici sahibkarlıq subyektlərinin müraciətlərinin qəbuluna başlanılıb və proses hazırda da davam etdirilir. İndiyədək işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan KOBİA-ya 945 müraciət daxil olub. Bunlardan 446 müraciət investisiya layihələri, 499-u isə digər iş və xidmətlərin (əsasən podrat əsaslı) həyata keçirilməsi ilə bağlıdır. Müraciətlərin 27%-i tikinti, 27%-i ticarət və xidmət, 21%-i sənaye, s18%-i kənd təsərrüfatı və digər 7%-i turizm, səhiyyə, təhsil, mədəniyyət, nəqliyyat və logistika sahələrini əhatə edir.
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaradılmış suvenir istehsalı müəssisəsi və istixana təsərrüfatınin fəaliyyəti barədə 2021-ci ildə Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi çərçivəsində Azərbaycan və Türkiyə prezidentlərinə məlumat verilib. “Cocuq Mərcanlının İnkişafı” Fondu, KOBİA, TÜİB və TİKA-nın dəstəyi ilə yaradılmış suvenir istehsalı müəssisəsi və istixana təsərrüfatlarında 40-dan çox kənd sakininin işlə təmin edilməsi nəzərdə tutulur.
Həmçinin 44 günlük Vətən müharibəsi dövründə sahibkarlara dəymiş ziyanın qiymətləndirilməsi prosesinin təşkili KOBİA-ya həvalə edilib. Ümumilikdə 294 sahibkarlıq subyektinə dəymiş təqribən 4,7 milyon manat həcmində kompensasiyanın ödənilməsi təmin edilib.
Beynəlxalq əməkdaşlıq
2021-ci ildə KOB-lara dəstək və xidmətlər sahəsində qabaqcıl təcrübənin öyrənilməsi, yerli KOB-ların əlaqələrinin genişləndirilməsi və birgə layihələrin icrası, potensial xarici tərəfdaşların tapılması, əməkdaşlıqda maraqlı olan investorlarla yerli sahibkarlar arasında vasitəçilik etmək məqsədilə müxtəlif tərəfdaş qurumlarla 12 anlaşma memorandumu imzalanıb, 9 ölkəyə işgüzar səfərlər təşkil olunub, Agentliyin təşkilatçılığı ilə Bakıda 2 beynəlxalq tədbir (Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti, 25-ci Beynəlxalq Biznes Forum (İBF)) keçirilib.
“KOB könüllüləri”
2021-ci ildə 150-yə yaxın gənc, indiyədək isə 360-dan çox gənc KOBİA-da könüllü fəaliyyətinə cəlb olunub. Ötən il “KOB könüllüsü” olmuş 2 gənc, ümumilikdə isə 11 könüllü gənc Agentlikdə işlə təmin olunub.
Sosial sahibkarlığa dəstək
Sosial sahibkarlığın inkişafı məqsədilə ötən il də KOBİA müvafiq dövlət qurumları və özəl sektorla birgə müxtəlif tədbirlər və layihələr həyata keçirib. 2021-ci il də daxil olmaqla indiyədək 400-dən çox vətəndaş özünüməşğulluq proqramına qoşulmaq üçün Agentliyin dəstək və xidmətlərindən faydalanıb. Eyni zamanda “Çiçəklənən Abşeron” layhəsində aztəminatlı ailələrin iştirakı təmin olunmaqla, onların əlavə gəlir əldə etməsinə və ailə təsərrüfatlarının inkişafına dəstək davam etdirilib. Agentlik tərəfindən qadın, gənc və əlil sahibkarlığın inkişafı məqsədilə tərəfdaş qurumlarla birgə “Məktəbim”, “Biznes emalatxanası”, “Əlil sahibkarlara dəstək” kimi layihələrə start verilib, onlar üçün təlimlər və müxtəlif tədbirlər (Gənc Sahibkarların II Forumu və s.) təşkil olunub.
Regionlarda məşğulluğun və sahibkarlığın inkişafına dəstək məqsədilə KOBİA, Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyinin birgə həyata keçirdiyi “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində 2021-ci ildə İsmayıllı rayonunda 15 kənd qonaq evi istifadəyə verilib. Bununla da 15 ailədən olan 40 nəfərə yaxın qadının və gəncin məşğulluğu təmin edilib. Layihə 2022-ci ildə Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara və Lerik rayonlarında davam etdiriləcək. Layihə çərçivəsində daha 50 kənd qonaq evi yaradılacaqdır.