Oktyabrın 11-də Bişkek şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti cənab Sadır Japarovun iştirakı ilə bir sıra sənədlər, o cümlədən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Qırğızıstanın Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
FED.az xəbər verir ki, sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidenti Marat Şarşekeyev imzalayıblar.
Memorandumda ticarət və investisiya sahəsində əməkdaşlığın təşviqi, bu sahələrdə, eləcə də KOB-larla bağlı həyata keçirilən tədbirlər, təcrübə və onlara göstərilən xidmətlərlə bağlı məlumat mübadiləsi, biznes missiyaların təşkili, qarşılıqlı olaraq iş adamları arasında ikitərəfli əlaqələrin inkişafına, biznes tərəfdaşların tapılmasına və əməkdaşlıq platformalarının yaradılmasına dəstəyin göstərilməsi kimi məsələlər nəzərdə tutulur.