Dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində növbəti sahəvi görüş üzüm və şərab istehsalı ilə məşğul olan sahibkarların iştirakı ilə təşkil olunub.
Eləcə də bax: Qadın sahibkarlar üçün biznes təlimləri keçirilib - VİDEO
Bu barədə FED.az-a İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib.
Məlumata görə, ötən gün Agentliyin (KOBİA) təşkilatçılığı ilə onlayn formatda keçirilmiş görüşdə İqtisadiyyat Nazirliyinin, Dövlət Vergi Xidmətinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Dövlət Gömrük Komitəsinin, Qida Təhlükəsizliyi Agentliyinin, Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin, eləcə də Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının nümayəndələri və 30-a yaxın sahibkarlıq subyekti iştirak edib. Üzüm və şərab istehsalı sahəsi üzrə mövcud vəziyyətin öyrənilməsi məqsədilə təşkil olunmuş onlayn görüşdə üzümçülüyün və onun emal sənayesinin müasir bazar iqtisadiyyatı şəraitində inkişaf etdirilməsi, istehsalın təşviqi mexanizmi, bu məhsulların xarici bazarlara çıxarılması məsələləri müzakirə edilib, sahibkarların təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.