Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarların müraciətləri əsasında daxili bazar araşdırmalarının aparılmasına konsaltinq şirkətlərinin cəlb edilməsi üçün işlərə başlayıb.
FED.az xəbər verir ki, bu barədə Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov məlumat verib. O.Məmmədov bildirib ki, proses "Dövlət satınalmaları haqqında" qanuna uyğun olaraq aparılır. Qeyd edək ki, artıq agentlik süd və süd məhsulları bazarının araşdırılması üçün ilk kotirovka sorğusunu elan edib.
Eləcə də bax: KOBİA süd və süd məhsulları - BAZARINI ARAŞDIRACAQ - TENDER ELANI
"Bazar araşdırmalarına dövlət dəstəyi ilə bir tərəfdən sahibkarın bu sahədə xərcləri azalacaq, digər tərəfdən rəqabətqabiliyyətli istehsalın stimullaşdırılması ilə yeni məhsul və xidmətlərin, müəssisə və obyektlərin yaranmasına, özəl sektorda məhsul istehsalının artırılmasına dəstək göstəriləcək"-deyə KOBİA rəhbəri bildirib.
Agentlik rəhbəri bildirib ki, bununla bağlı Agentlikdə İşçi Qrupu yaradılıb, müraciət üçün nümunəvi ərizə forması KOBİA-nın www.smb.gov.az rəsmi internet səhifəsində yerləşdirilib, sahibkarlar və digər maraqlı tərəflər dəstək mexanizmi barədə məlumatlandırılıb", - deyə O.Məmmədov əlavə edib.
Eləcə də bax: Sahibkarlar üçün bazar araşdırmasına dövlət necə dəstək verəcək? - TAM İZAHAT, VİDEO
Xatırladaq ki, ölkə prezidentinin 29 may 2019-cu il tarixli fərmanı ilə “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi Qaydası” təsdiq edilib. Qaydaya uyğun olaraq, bu dəstək mexanizmindən mikro, kiçik və orta sahibkarlıq subyektləri yararlanır. Mexanizmə uyğun olaraq bazar araşdırması üçün tələb olunan vəsaitin 80%-ni dövlət ödəyəcək.