Bu ilin I yarısında İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 8 minə yaxın mikro, kiçik və orta sahibkarlıq subyektinə, eləcə də biznesə başlamaq istəyən şəxslərə bilik və bacarıqlarının artırılması məqsədilə təlim, məsləhət və digər xidmətlər göstərib.
Eləcə də bax: Azərbaycanda müəssisələr üçün özünüqiymətləndirmə platforması - YARADILIB
FED.az bu barədə Agentliyə istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə ölkənin 21 şəhər və rayonunda fəaliyyət göstərən KOB inkişaf mərkəzləri (KOBİM) 6 mindən çox sahibkarın, biznesə başlamaq istəyən şəxsin və startapın iştirakı ilə 400-dən artıq ödənişsiz biznes təlim təşkil edib. Təlimlər biznesin planlaşdırılması və inkişafı, “yaşıl iqtisadiyyat”, korporativ hüquq, marketinq və satış, maliyyə, vergilər, sığorta, insan resurslarının idarə edilməsi, ixrac, sahibkarlıq sahəsində qanunvericilik, peşəkar ünsiyyət bacarıqları və digər istiqamətləri əhatə edib.
KOBİM-lər qeyd olunan dövrdə 1 000-ə yaxın sahibkara biznes ideyanın reallaşdırılması üçün dövlət və özəl qurumlarla əlaqələndirmə, maliyyə resurslarına çıxış və digər istiqamətlərdə məsləhət xidmətləri təqdim edib, Bakı şəhəri və regionları əhatə edəcək 170-a yaxın layihə üzrə biznes planın hazırlanmasında sahibkarlara və biznesə başlamaq istəyənlərə dəstək olub.
KOBİM-lər 180-dən çox yeni KOB subyektinin yaradılmasına dəstək göstərib.
KOB subyektlərinin, sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlərin və startapların onlayn qaydada biznes sahəsində biliklərinin və məlumatlığının artırılması, təlim ehtiyaclarının qarşılanması üçün KOBİA tərəfindən yaradılmış videotəlim platformasından istifadə edənlərin sayı 800-ə yaxın olub.
KOB subyektləri və biznesə başlamaq istəyən şəxslər www.kobim.az saytının videotəlim platforması bölməsində qeydiyyatdan keçməklə ödənişsiz olaraq biznesə başla, korporativ hüquq, layihə idarəetməsi, maliyyə, satış, marketinq, turizm və ixrac prosesinin təşkili istiqamətlərində 180 təlim videosundan faydalana bilərlər.
Bu dövrdə KOBİA-nın və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) əlaqələndiricisi olduqları “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində 22 sahibkar və menecer müsahibədən uğurla keçərək Almaniyada beynəlxalq ixtisasartırma kursunda iştirak ediblər. Ümumilikdə isə 2009-2022-ci illərdə 500-dən çox sahibkar və menecer proqramdan yararlanıb.