Xəbər verildiyi kimi, mayın 18-də Bakıda Azərbaycan prezidenti İlham Əliyev və Litva prezidenti Gitanas Nausedanın iştirakı ilə Azərbaycan-Litva Biznes Forumu keçirilib.
FED.az xəbər verir ki, tədbir çərçivəsində iki ölkə arasında bir sıra sənədlər, o cümlədən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Litvanın Ticarət, Sənaye və Sənətkarlıq Palataları Assosiasiyası arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və assosiasiyanın baş direktoru Gedre Rajiskinee imzalayıblar.
Memorandumda hər iki ölkənin kiçik və orta müəssisələri arasında ticarət və investisiya əməkdaşlığının təşviqi, sahibkarlıq sahəsindəki yeniliklər barədə qarşılıqlı məlumatlandırma, KOB-lara xidmətlərin göstərilməsi üzrə təcrübə mübadiləsi, əməkdaşlığın gücləndirilməsi üçün seminarların, sərgilərin və digər təşviqat tədbirlərinin təşkili və s. məsələlər nəzərdə tutulur.