“Satgroup” şirkəti Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) daxili bazar araşdırmasının aparılması üçün məsləhətçi seçimi üzrə keçirdiyi sorğunun qalibi olub.
FED.az xəbər verir ki, şirkətlə müvafiq müqavilə bağlanıb.
Araşdırma 10 istiqaməti əhatə edir: reklam vasitələrinin yaradılması və onların effektivliyi; tekstil fabrikinin yaradılması; məişət tullantılarının konteynerlərinin istehsalı və satışı imkanları; daşınar soyuducu anbarların istehsalı; boya istehsalı; optik eynəklərin istehsalı; minik və yük avtomobillərində yağdəyişmə xidmətləri; özəl və korporativ geyimlərin istehsalı; kimyəvi yuyucu vasitələrin istehsalı və avtokimya xidməti və məhsullarının istehsalı.
Prezident İlham Əliyev 2017-ci ilin dekabr ayında “Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.
Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin funksiyalarına ölkədə kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, KOS subyektlərinə müxtəlif xidmətlərin göstərilməsi daxildir.*