Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş beşinci qrant müsabiqəsinin nəticələri açıqlanıb.
FED.az xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən keçirilmiş müsabiqəyə təqdim edilmiş layihələrdən 21-nin maliyyələşdirilməsi barədə qərar qəbul olunub. Qalib layihələrin hər birinə maksimum 20 min manata qədər maliyyə vəsaiti ayrılacaq.
Layihələrin ekspertizası məqsədilə yaradılmış Ekspert Komissiyasının iyunun 3-də keçirilmiş iclasında qeyd edilib ki, müsabiqəyə KOB subyektləri tərəfindən 290 layihə təqdim olunub. KOB subyektlərinə məxsus layihələrin 126-sı hüquqi, 163-ü fiziki şəxslərə, 1-i isə qeyri-sahibkara, o cümlədən 279-u mikro, 9-u kiçik, 1-i orta sahibkarlıq subyektlərinə məxsusdur. Müsabiqəyə təqdim olunmuş layihələrdən 108-i təhsil, 15-i elm, 53-ü tədqiqat və 113-ü dəstək layihələridir. Layihələrin 11-i “yaşıl iqtisadiyyat” ilə bağlıdır.
Qeyd edək ki, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 5-ci qrant müsabiqəsinə sənəd qəbulu 4 mart – 2 aprel 2024-cü il tarixlərində, layihələrin ekspertizası və qiymətləndirilməsi isə 4 aprel - 15 may 2024-cü il tarixlərində həyata keçirilib. Ekspert Komissiyası tərəfindən layihələrin qiymətləndirilməsi zamanı Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq olunmuş meyarlara uyğun olaraq, onun mikro, kiçik və orta sahibkarlığın inkişafına təsiri, innovativliyi, əsaslandırılmış ideyasının olması, praktiki məqsədlər üçün tətbiq imkanları, layihənin icrası üçün lazımi təcrübənin və maddi-texniki bazanın mövcudluğu və digər bu kimi amillər əsas götürülüb.
Qalib layihələr barədə ətraflı məlumatı KOBİA-nın saytından öyrənmək olar: https://smb.gov.az/az/nav/qrant