Noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Kiçik və Orta Bizneslərin (KOB) yaşıl keçidinin təşviqinə və bu sahədə əməkdaşlığa dair sənədlər imzalanıb.
FED.az xəbər verir ki, imzalanma mərasimi COP29-un “Mavi zona”sında baş tutub.
“KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi”ni İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Beynəlxalq Ticarət Mərkəzi (ITC - ay-ti-si) və Braziliyanın Mikro və Kiçik Müəssisələrə Dəstək Xidmətinin (SEBRAE) rəsmiləri imzalayıblar.
KOBİA-nın təşəbbüsü ilə hazırlanmış Bəyannamə qlobal səviyyədə KOB-ların yaşıl iqtisadiyyata keçidi üzrə birgə səylərin birləşdirilməsi, bu sahədə əməkdaşlığın qurulması məqsədi daşıyır. Sənəd kiçik bizneslərə təcrübələri mənimsəməkdə kömək etmək üçün məlumatlılığın və potensialın artırılması, "yaşıl maliyyə"yə çıxışın yaxşılaşdırılması və innovasiyaların təşviqi öhdəliyini götürür.
Həmçinin, KOBİA, ITC və SEBRAE arasında “KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi”ndən irəli gələn məsələlərə, KOB-ların yaşıl keçidinin asanlaşdırılması üzrə birgə əməkdaşlığa dair sənədlər də imzalanıb (Report).