Dekabrın 1-dən Bakının Fəvvarələr Meydanında fəaliyyətə başlamış “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Dəstək Proqramı çərçivəsində 30-a yaxın mikro sahibkarın və sənətkarların məhsul və xidmətləri də təqdim olunur.
FED.az xəbər verir ki, stenddə çaylar, orqanik qidalar, quru meyvələr, müxtəlif ədviyyatlar, əl işləri, toxunma oyuncaqlar, bijuteriya, vitrajlar, kiçik rəsmlər, taxtadan suvenirlər, orqanik sabunlar və s. sərgilənir və satılır.
Qeyd edək ki, “Soyuq əllər, isti ürək” yarmarkası “Nargis” Fondunun təşkilatçılığı ilə ənənəvi olaraq hər il təşkil olunur. Yarmarka sponsorlarının maliyyə dəstəyi və yarmarkada qurulan evlərin kirayəsindən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf edilir. 2023-cü ilin 15 yanvar tarixinədək davam edəcək yarmarka hər gün saat 11.00-dan 23.00-dək açıqdır.