Hobbisini gəlir mənbəyinə çevirən Xaçmaz sakini Vüqar Fərzəliyev təsərrüfatında 200-dən çox dovşan saxlayır.
FED.az xəbər verir ki, təsərrüfatçının bölgə və paytaxtdan olan müştəriləri var. Dovşan ətinin bir kiloqramı 8-10 manata satılır. Dovşanların diri halda qiyməti çəkisindən və növündən asılı olaraq dəyişir. Kiçik dovşanlar 20 manat, böyüklər isə 80-200 manat arasında təklif olunur.
“May ayından sentyabradək dovşan əti satmıram. Bu müddətdə çəki yığan, daha da böyüyən heyvanların ətini sentyabr ayında Bakı şəhərindəki müştərilərimə çatdırıram. Heyvanları quru ot, arpa və digər qarışıq yemlərlə qidalandırıram. Hal hazırda havalar isti keçdiyi üçün onları gün ərzində 1 dəfə yemləyirəm. Su isə daima qabağlarında olmalıdır. Ancaq sentyabr ayından başlayaraq gündə 2 dəfə yemləyəcəm”,- deyə təsərrüfatçı bildirib.
Fermer əvvəllər bu işə hobbi kimi yanaşsa da, sonradan bəslədiyi dovşanların sayını artıraraq gəlir əldə etməyə başlayıb. Məktəbdə gənclərin çağırışaqədərki hərbi hazırlığı fənni üzrə dərs deyən Vüqar Fərzəliyev artıq üç ildir dovşan bəsləyir. Onun fermasında 10-a yaxın dovşan növü var ki, onların da əksəriyyətini xaricidən gətirərək çoxaltmağa nail olub. Təsərrüfatçı Yeni Zelandiyadan gətirilmiş ağ və qırmızı, rizel, Kaliforniya, vlandır kimi ətlik və damazlıq dovşan növlərinə üstünlük verir. Ən qiymətlisi yumşaq xəzli dovşanlar sayılır.
Təsərrüfatçı bildirib ki, dovşanların saxlanma şəraitinə xüsusi diqqət yetirmək lazımdır. Bu heyvanlar həm soyuğa, həm də istiyə həssasdır. Bundan başqa, heyvanların xəstəliklərə yoluxmasının qarşısını almaq üçün daim baytarlarla məsləhətləşmək vacibdir.
Dovşanlar ən artımlı heyvanlardan sayılır. Bu heyvanlar növündən asılı olaraq, hər dəfə 6-14 bala verir.
Vüqar Fərzəliyev gələcəkdə daha çox gəlir əldə etmək üçün təsərrüfatını genişləndirərək fikrindədir.