Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı Təşkilatının (KOSGEB) nümayəndələri ölkəmizə səfər çərçivəsində Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev ilə görüşüblər.
Eləcə də bax: Suriyalı investorlar Azərbaycana - YATIRIM EDƏCƏK
FED.az ASK-dan "azərtac"a verilən məlumata istinadən xəbər verir ki, görüşdə KOSGEB-in sədri Cəvahir Uzkurt Azərbaycan və Türkiyə prezidentlərinin ticarət dövriyyəsini 15 milyard dollara çatdırmağı hədəf qoyduqlarını və bu sahədə əməkdaşlığın genişləndirilməsinin zəruriliyini qeyd edib.
“Biz bir plan hazırlamışıq və hər iki ölkənin kiçik orta biznes subyektləri birləşərək Asiya bazarlarına çıxa bilərlər. Türkiyədə 3,6 milyon kiçik və orta sahibkar var. Ötən il KOSGEB—in büdcəsi 2,3 milyard türk lirəsi olub. Təşkilat bankların verdiyi kreditin faizinin bir hissəsini qarşılayır. Yəni, bank kredit ayırır və KOSGEB onun faizinin bir hissəsini ödəməyi öz üzərinə götürür. Kredit qarantiyası fondu da kredit təminatı verir və onun maliyyələşdirilməsini Maliyyə Nazirliyi həyata keçirir”, – deyə C.Uzkurt bildirib.
ASK-nın prezidenti M.Musayev qarşıya qoyulan hədəflərin icrasında birgə əməkdaşlığa hazır olduqlarını söyləyib. O, həmçinin diqqətə çatdırıb ki, Azərbaycanda da İpoteka və Kredit Zəmanət Fondu fəaliyyət göstərir.
“Bizdə kredit qarantiyası daha çox iri sahibkarlara verilir və onların buna ehtiyacı isə çox deyil. Kiçik və orta biznes subyektlərinin kredit qarantiyasına daha çox ehtiyacı var”, – deyə ASK-nın prezidenti qeyd edib.