“Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklər mühüm dəyişikliklərdir. Hesab edirəm ki, bu, gələcəkdə Azərbaycanda aparılan vergi islahatlarının başlanğıcı kimi qiymətləndirilməlidir”.
Bu fikirləri Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişikliklər edilməsi məsələsinin müzakirəsi zamanı deyib.
Hikmət Babaoğlu bildirib ki, Vergi Məcəlləsinə edilən dəyişikliklər gələcəkdə vergi yığımında yeni keyfiyyət dəyişikliyinə gətirib çıxaracaq. Onun sözlərinə görə, bunun əsas paradiqmasını müəyyən edən prinsip ondan ibarətdir ki, vergi yığımı vergi ödənişlərinin artırılması səbəbindən deyil, vergi ödəyicilərinin sayının artırılmasına görə artırılmalıdır.
Millət vəkili həmçinin bəzi təkliflərlə çıxış edib. O qeyd edib ki, vergi borclarına və yaxud vergi yükünün ağır olması səbəbindən istehsalını dayandıran müəssislərin güzəştli şərtlərlə fəaliyyətə yenidən başlanmasına şərait yaradılmalıdır.
Hikmət Babaoğlu, eyni zamanda regionlarda vergi ödəyicilərinin coğrafiyasına görə diferensiallaşmanın aparılması da təklif edib:
“Düşünürəm ki, vergi ödəyicilərinin coğrafiyasına görə diferensiallaşmanın aparılması yaxşı olar. Yəni eyni məhsulu istehsal edən və ya eyni növ fəaliyyətlə məşğul olan, amma fərqli coğrafiyalarda yerləşən vergi ödəyiciləri daha az vergi ödəsə, bu regionların inkişafına təsir göstərəcək və vergi ödəyicilərin sayını artıracaq”.
Bununla yanaşı, millət vəkili deyib ki, Azərbaycanda bəzi ərzaq məhsulları istehsalçıları kiçik və orta biznesin fəaliyyətini izləyirlər:
“Məsələn, ərzaq məhsullarının alqı-satqısı ilə məşğul olan hər hansı kiçik sahibkarın ticari dövriyyəsi bir neçə min manatı ötürsə, həmin istehsalçılar onun yanında dərhal alqı-satqı mərkəzi açmaqla özünün istehsal etdiyi məhsulları daha ucuz qiymətə sata bilirlər. Beləliklə də, kiçik biznesə ciddi ziyan dəyir. Ona gorə də, istehsalçı müəssisələr öz istehsal etdiyi məhsulların pərakəndə satışı ilə məşğul olmamalıdırlar, ya da bu məsələdə onlara başqa şərtlər qoyulmalıdır. Əks halda, alqı-satqı ilə məşğul olan kiçik və orta sahibkarlıq sıradan çıxa bilər”.
"Kiçik ticarətçilər sıradan çıxa bilər" - XƏBƏRDARLIQ
17:31
27 Noy 2018