Japan Tobacco International (JTI) şirkəti ölkədə COVID-19 virusuna qarşı səyləri dəstəkləmək məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fonduna 80,000 manat ianə köçürüb.
FED.az xəbər verir ki, məlumatı “Cey Ti Ay Kaukasus” MMC-nin Azərbaycandakı nümayəndəliyi təsdiq edib.
Nümayəndəlikdən onu da bildirdilər ki, pandemiya şəraitində JTI şirkəti Azərbaycanda Korporativ Sosial Məsuliyyət layihələrini də davam etdirir. Şirkət Milli QHT Forumu vasitəsilə su təminatı layihələri, “Damla” aztəminatlı ailələrə yardım ictimai birliyinin dəstəyi ilə isə aztəminatlı ailələrə aylıq ərzaq yardımı proqramı həyata keçirir. 2014-cü ildən bəri həyata keçirilən 12 su təchizatı layihəsi nəticəsində 50 000-ə qədər vətəndaş təmiz içməli su il təmin edilib. Ərzaq proqramı çərçivəsində isə hər ay 200-ə yaxın ahıl və tənha insan, əlilliyi olan şəxs əsasən evlərinə çatdırılmaqla ərzaq yardımı alır.