2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda ixracdan ən çox gəlir götürən 10 özəl şirkət məlum olub.
FED.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın avqust sayına istinadən xəbər verir ki, ilk onluqda aşağıdakı şirkətlər təmsil olunur:
"PRIME COTTON" MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycandakı Nümayəndəliyi (AİMKL), "Export Stream" MMC, "Baku Steel Company" QSC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, "UYTROP" MMC, "P-AQRO" MMC, "Sahdag SY" MMC, "Avrora" MMC, "HOPER" MMC.
2025-ci ilin yanvar-iyul aylarında özəl şirkətlər arasında liderlik "Prime Cotton" MMC-yə məxsusdur. Şirkət bu dövrdə 69,5 milyon dollar həcmində ixrac həcmi ilə siyahıya başçılıq edir. Ötən ilin eyni dövründə "Prime Cotton"un ixracı 61,4 milyon dollar olmuşdu. Bu il isə ixrac 8,1 milyon dollar (13,19%) artıb.
"AIMKL"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi 56 milyon dollarla ikinci yerdə qərarlaşıb ki, bu da ötən illə müqayisədə 42,2 milyon dollarlıq (3 dəfədən çox) bir artım deməkdir. Şirkət 2024-cü ildə 13,8 milyon dollarlıq məhsul ixrac etmişdi. Digər yüksək ixracatçılar arasında
7 ayda 37,2 milyon dollarla üçüncü yerdə olan "Export Stream" MMC siyahıda ilk dəfədir, amma bu şirkətin nə ixrac etdiyi açıqlanmır.
Polad məmulatların ixracı ilə məşğul olan "Baku Steel Company" QSC isə 7 ayda xaricə 34,9 milyon dollarlıq məhsul satıb. Bu 2024-cü ildəki 31,1 milyon dollarla müqayisədə 3,8 milyon dollar və ya 12,2% artım deməkdir.
"Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC də 30,4 milyon dollar ixracla (2024-cü ildə 20 milyon dollar) 10,4 milyon dollar (52%) əhəmiyyətli artım əldə edib.
Siyahıda ilk dəfə olan "UYDROP" MMC-nin 24,2 milyon dollarlıq ixracı var.
"P-AQRO" MMC bu ilin 7 ayında 23,2 milyon dollar ixrac edib. 2024-cü illə (25,6 milyon dollar) müqayisədə 2,4 milyon dollar (və ya 9.4%) azalma var.
"Sahdag Sy" MMC 21,1 milyon dollar ixracla siyahıda yeni şirkətdir.
Tanınmış şirkətlərdən olan "Avrora" MMC bu ilin 7 ayında 20,2 milyon dollar ixrac edib. 2024-cü ildəki 12,4 milyon dollarlıq rəqəmlə müqayisədə ixrac bu il 7,8 milyon dollar (və ya 62.9%) artıb.
"HOPER" MMC də 19,3 milyon dollar ixracla siyahıda ilk dəfə yer alıb.