İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın 2026-cı ilin mart sayına dair ilkin göstəricilərini təqdim edib.
FED.az biznes və maliyyə xəbərləri portalı icmala əsasən xəbər verir ki, 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,7% artaraq 580,7 milyon ABŞ dolları təşkil edib. Bu dövrdə yeyinti məhsulları üzrə ixrac 30,5% artaraq 200,6 milyon ABŞ dollarına bərabər olub.
Cari ilin yanvar-fevral aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 328,6%, pambıq iplik 158,7%, bitki və heyvan mənşəli piylər və yağlar 110,8%, alüminium və onlardan hazırlanan məmulatlar 37,4%, pambıq lifi 33,3%, meyvə-tərəvəz 32,7%, spirtli və spirtsiz içkilər 10,9%, çay 5,1% artıb.
2026-cı ilin yanvar-fevral aylarında aqrar məhsullar üzrə ixrac 34,6% artaraq 160,9 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac 22% artaraq 52,5 milyon ABŞ dolları təşkil edib. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 31,2% artaraq 213,4 milyon ABŞ dollarına bərabər olub.
















