Davos İqtisadi Forumunda iştirak etmək üçün İsveçrədə səfərdə olan Prezident İlham Əliyev yanvarın 20-də Davosda “OliverWyman Group” şirkətinin Baş icraçı direktoru Nik Studer ilə görüşüb.
FED.az xatırladır ki, “OliverWyman Group” şirkəti beynəlxalq strateji idarəedici və konsaltinq şirkətidir, görüşdə “OliverWyman Group” şirkətinin Azərbaycanda müxtəlif qurumlarla əməkdaşlıq imkanları müzakirə edilib.
Şirkətin rəhbəri Nik Studer Azərbaycanda müxtəlif qurumlarla mümkün əməkdaşlıq istiqamətlərinə toxunub.
Nik Studer başçılıq etdiyi şirkətin Azərbaycanda maraq göstərdiyi sahələri açıqlayıb. “OliverWyman Group” Azərbaycanda iqtisadi transformasiya prosesi, sığorta, maliyyə bazarının müxtəlif istiqamətlərinin inkişafı, enerji sektorunda, o cümlədən ənənəvi və yaşıl enerji sahələrində həyata keçirilən layihələrə, kənd təsərrüfatı məhsullarının ixracına, bölgədə yeni ticarət imkanlarını əhatə etməklə dəyər zəncirinin lokallaşdırılmasına maraq göstərdiyi qeyd edilib. Eləcə də “OliverWyman Group”un rəhbəri Azərbaycanın əldə etdiyi uğurları yüksək qiymətləndirib.
Prezident İlham Əliyev şirkətin Azərbaycana marağını dəstəkləyərək, ölkəmizin müvafiq qurumları ilə “OliverWyman Group” arasında əməkdaşlığın qurulması məsələlərinə toxunub.
Qeyd edək ki, görüşdə prezidentin iqtisadi komandası – iqtisadi məsələlər üzrə köməkçiləri Natiq Əmirov, Şahmar Mövsümov, eləcə də iqtisadiyyat naziri Mikayıl Cabbarov və Dövlət Neft Fondunun icraçı direktoru İsrafil Məmmədov iştirak edib.
Xatırladaq ki, «Oliver Wyman» - idarəetmə və məsləhət xidmətləri göstərən 40 ildən artıq təcrübəyə malik olan dünyanın ən məşhur konsaltinq şirkətlərindən olan ABŞ firmasıdır.
1984-cü ildə yaradılan və baş ofisi Nyu-Yorkda yerləşən konsaltinq şirkətinin bütün dünyada 60 ofisi və təqribən 6-7 min əməkdaşı var. «Oliver Wyman»ın ofisləri əsasən Avropa, Şimali Amerika, Yaxın Şərq və Asiya bölgəsində yerləşir.
“OliverWyman Group” öz sahəsində tanınmış, yüksək reytinqli və maraqlı tarixçəsi olan şirkətdir, 2021-ci ildə şirkətin illik gəliri 2,5 milyard dollar təşkil edib.
2013-cü ildə şirkət konsaltinq şirkətləri arasında 7-ci, daha bir il sonra isə 6-cı yeri tutub. 2017-ci ildə isə “OliverWyman Group” tanınmış konsaltinq şirkəti olan «PricewaterhouseCoopers»u da keçərək dünyanın 5-ci ən yaxşı konsaltinq şirkəti olub.
Qlobal konsaltinq şirkəti olaraq «Oliver Wyman» şirkətlərə və hökumətlərə məsləhət, biznes xidmətləri təqdim edir. Firkət dünyanın müxtəlif yerlərində avtomobil, müdafiə, təhsil, energetika, səhiyyə, telekommunikasiya, nəqliyyat, turizm və sair sahələrdə layihələr reallaşdırır, amma əsas fəaliyyət sahəsi maliyyə xidmətləridir.
«Oliver Wyman»ın xidmətləri ucuz deyil, bir konsultant üçün xidmət haqqı 500 min dollardan başlayır. Bu konsaltinq sektoru üzrə orta göstəricini təqribən 2 dəfə üstələyir və ABŞ-da təkcə «McKinsey & Company»dan geri qalır.
Hərçənd «Oliver Wyman»ın heç də bütün məsləhətləri uğurlu olmayıb.
Məsələn, şirkət 2005-ci ildə «Citigroup»a təmin olunmuş borc qiymətli kağızların yatırım etməyi tövsiyə etmiş, amma sonradan dünya maliyyə böhranı zamanı «Citigroup» 50 milyard dollar zərərlə üzləşərək hökumətdən kömək istəməli olmuşdu.
Firma oxşar tövsiyyəni İsveçrənin «UBS» bankına da vermiş, amma şirkət böyük itkilərə məruz qalaraq, hökumət tərəfindən xilas edilmişdi.
Oxşar vəziyyət 2007-ci ildə «Anglo-Irish Bank»la da baş verib. Şirkətin dünyanın ən yaxşı bank kimi təqdim etdiyi AİB bank cəmi bir ildən sonra səhmlərinin dəyərini itirib və hökumət onu xilas edib milliləşdirmək üçün 30 milyard dollar xərcləməli olmuşdu.
Buna baxmayaraq, şirkətin olduqca uğurlu layihələri də var və Avropada onun xidmətlərindən geniş istifadə edirlər.
Məsələn, «Oliver Wyman» şirkəti avrozonanın 130 böyük bankının auditini keçirib. Bundan başqa, şirkət 2012-c ildə İspaniya bank sisteminin testlərini həyata keçirib ki, bu da İspaniya hökumətinin banklara dəstəyinin şərtlərini müəyyən edib. Eləcə də şirkət 2013-cü ildə Sloveniya banklarının özəlləşdirilməsinin qarşısını alıb, 2016-cı ildə İtaliyada hökumətin xilas etdiyi bankların satışını konsultasiya edib, eləcə də Maltada çirkli puların yuyulmasına qarşı tədbirlər hazırlayıb.
“OliverWyman Group”un xidmətlərindən ən çox istifadə edən təşkilatlar beynəlxalq kreditor qurumlarıdır, bunlar Avropa Mərkəzi Bankı, Avropa Komissiyası və Beynəlxalq Valyuta Fondudur.