İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində sahibkarlara artıq uyğunluq sertifikatının verilməsinə başlanılıb. Mərkəzdən FED.az-a verilən məlumata görə, bu proses Azərbaycan Standartlaşma İnstitutunun Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə inteqrasiyası nəticəsində baş tutacaq.
Uyğunluq sertifikatının və bir sıra beynəlxalq standartların tətbiqi istiqamətində xidmət göstərəcək Azərbaycan Standartlaşma İnstitutu ixrac edilən məhsulların yüksək standartlara cavab verməsi və sahibkarların könüllü müraciətləri əsasında xidmət göstərəcək-deyə mılumatda bildirilir.
Qeyd edək ki, beş dövlət xidmətini özündə cəmləşdirən “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində növbəti dövlət orqanı fəaliyyətə başlayır - Azərbaycan Standartlaşma İnstitutu ilə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi arasında əldə olunan razılığa əsasən, sözügedən qurumun standartlaşma sahəsindəki xidmətləri “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində veriləcək.
Mərkəzdən bildirilib ki, bütün bu əməliyyatlar xarici ticarət əməliyyatlarının stimullaşdırılması, çevik və sürətli sənədləşmə və rəsmiləşdirmə, tələb olunan sənədlərin azaldılması, ixrac zamanı elektron yanaşmaların tətbiqi, vahid ixrac onlayn sisteminin tətbiqi, bir pəncərə prinsipləri əsasında 2 və 2-dən çox sənədlərin qəbulu və icazələrin verilməsi, o cümlədən ticarətin liberallaşdırılması istiqamətində aparılan islahatlar çərçivəsində həyata keçirilir.